AZ   |   RU
Parlamentin Regional məsələlər komitəsinin iclası - FOTO

Martın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisdən Missiya.Az-a verilən məlumata görə, İclası açan komitənin sədri Siyavuş Novruzov gündəliklə bağlı məlumat verib.

O, bildirib ki, gündəliyə 3 məsələ daxil edilib və onların ilk ikisi birinci oxunuşda olan qanun layihələrinin, üçüncüsü isə cari məsələlərin müzakirəsidir. Gündəliyin təsdiqindən sonra Siyavuş Novruzov gündəlikdəki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat vermək üçün sözü komitə sədrinin müavini Elşən Musayevə təqdim edib.

Elşən Musayev bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.

Qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə görə, hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir. O, 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinin də eyni məzmunlu uyğunlaşdırma xarakteri daşıdığını bildirib.

Qanun layihələrinin müzakirəsində komitə sədri Siyavuş Novruzov, komitə üzvləri Kamran Bayramov, Aqil Məmmədov çıxış ediblər, sənədlərlə bağlı fikirlərini səsləndiriblər, dəyişikliklərin bələdiyyə torpaqlarının idarəedilməsini,  bələdiyyə torpağı üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsini təkmilləşdirəcəyini vurğulayıblar. Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sonra onlayn iclasda cari məsələlər müzakirə olunub.

Cari məsələlərlə bağlı komitə sədri Siyavuş Novruzov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası ilə bağlı fikirlərini bölüşüb. Məsələlərlə bağlı komitə sədrinin müavini Elşən Musayev, deputat Aqil Məmmədov və Kamran Bayramov çıxış edərək, qeyd və təkliflərini bildiriblər. Onlayn iclasda deputatlar Nizami Cəfərov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov, Səbinə Xasayeva, Səttar Möhbalıyev, Cavid Osmanov, Tahir Rzayev, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

 Missiya.Az

  • 9-03-2023, 17:41