BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və İnkişaf Şurasının 73-cü İcra iclası Türkiyə və Suriyada baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Missiya.Az Türkiyə kiv-nə istinadən xəbər verir ki, BMT-nin Cenevrə ofisində bir dəqiqəlik sükutla başlayan görüşdə Türkiyənin Ümumdünya Ticarət Təşkilatındakı daimi nümayəndəsi, səfir Alparslan Acarsoy və digər ölkələrin nümayəndələri iştirak ediblər.
“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələlərinin Suriyaya da təsir etdiyini bildirən Acarsoy, orada da həyatını itirənlərə başsağlığı verib.
Fevralın 8-də Ümumdünya Ticarət Təşkilatının Malayziya Ticarət Siyasətinin İcmal Toplantısında söz alan sədr və 40-a yaxın üzv Türkiyəyə başsağlığı verib, Türkiyə ilə həmrəylik və dəstək düşüncələrini bölüşüblər.
Leyla SƏMƏNDƏR
Missiya.Az