"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq".
Missiya.Az xəbər verir ki , bunu "Qarabağ"ın baş məqçisi Qurban Qurbanov öz meydanında "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, rəqibi yaxından tanımamaqları onlara çətinlik yaradıb: "Dünənki matç və bu oyun göstərdi ki, işimiz asan olmayacaq.
İstənilən halda, oyunçular ilk matçdan necə hazırlaşmalı olduqlarını başa düşdülər. Mahmud Qurbanova və onun komandasına uğurlar arzulayıram.
Ötən il bir məğlubiyyətimiz "Səbail"dən olmuşdu. Builki transferlərdən görünür ki, indi daha iddialıdırlar".
Təcrübəli mütəxəssisin sözlərinə görə, bu matçdakı rotasiyalar "Ferentsvaroş"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfər matçı üçün zədədən qaçmağa yönəldilib: "Hardasa bir qədər zədədən ehtiyatlanırdıq.
Ancaq bunun üçün rotasiyalar etdik. Bəlkə də kimsə az, kimsə çox oynadı. Şükürlər olsun ki, zədə olmadı.
Bəlkə də qarşıdakı turlarda PFL-ə avrokubok matçı ilə əlaqədar istirahət verilməsini istədik. Ancaq indiki durumda buna ehtiyac görmürük".
Q.Qurbanov bildirib ki, transfer məsələsini hələ bağlamayıblar:
"Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq. İmkan olduğu qədər transfer etməyə çalışacağıq".
Baş məşqçi sosial şəbəkələrdə çempionat oyunlarına bilet satışının təşkil edilməsi ilə bağlı yaranan narazılığa da toxunub:
"Bilet məsələsi mənə aid olmayan məsələdir.
Əlbəttə ki, bütün insanların yaşayış tərzi eyni deyil.
Ancaq inanmıram ki, çempionat oyunlarına bilet satışının olması azarkeş sayına təsir etsin.
Klubda bu işlə məşğul olan ayrıca şəxslər var.
Mən daim istəyərəm ki, azarkeşlər stadionu doldursunlar".
O, Romaonun oyunundan razı qaldığını bildirib: "Bir neçə oyundan sonra daha yaxşı Romao görəcəyik.
Ancaq tam əminliklə deyə bilməyəcəm ki, o, "Ferentsvaroş"la oyunda start heyətdə yer alacaq, ya yox".