AZ   |   RU
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Son illərdə Sizin rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı və səmərəli islahatlar nəticəsində xalqınızın həyat səviyyəsi və rifahı durmadan yüksəlir, tarixi ədalət bərpa olunur, ölkənizin beynəlxalq müstəvidə nüfuzu və etibarı bütün istiqamətlərdə artır. Bütün bu mühüm nailiyyətlər qardaş xalq kimi bizə böyük məmnunluq bəxş edir.

Əminəm ki, birgə qətiyyətli səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında davamlı olaraq inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr bundan sonra da genişlənəcək, gələcəkdə yüksək səviyyəli danışıqlarımız nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə və bütün ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, davamlı inkişaf və firavanlıq diləyirəm”.

  • 21-05-2022, 18:41