AZ   |   RU
"Türk dünyasında ilk dəfə olaraq belə təşkilatın Azərbaycanda qeydiyyatdan keçməsinə icazə veriblər" - Erhan Arıklı

“Azərbaycanda son zamanların ən yaxşı xəbərlərindən biri də Türk Ağsaqqalları Birliyinin yaranması oldu”.

Missiya.Az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, İqtisadiyyat və Enerji naziri Erhan Arıklı bildirib.

“Türk dünyasının buna böyük ehtiyacı var. Bu gün Türk dünyasının birliyinə xidmət edən Dünya Gənc Türk Yazarlar Birliyi və bir sıra gənclərlə bağlı təşkilatlar fəaliyyət göstərir. Ancaq türk ağsaqqallarını bir araya gətirən və onları koordinasiya edən təşkilat yox idi. Belə təşkilatın Azərbaycanda qurulduğunu zövqlə və sevinclə eşitdik. Bu xəbərdən çox məmnunam” - E.Arıklı qeyd edib. 

Baş nazirin müavini təşkilatın uğurlu iş ortaya qoyacaqlarına inandığını bildirib: “Azərbaycan dövlətini və hökumətini təbrik edirəm ki, Türk dünyasında ilk dəfə olaraq belə təşkilatın Azərbaycanda qeydiyyatdan keçməsinə icazə veriblər. Türk tarixində, mədəniyyətində ağsaqqalların xüsusi yeri olub. Qurultaylar ağsaqqallar tərəfindən çağırılırdı və önəmli qərarlar onlar tərəfindən verilirdi. Son zamanlar ağsaqqallar sözü bitmiş insan kimi qəbul edilir. Ancaq elə deyil. Onların təcrübəsi gənclər üçün gərəkli və önəmlidir. Ağsaqqalların təcrübəsi və gənclərin enerjisi Türk birliyinə böyük faydalar verə bilər”.


  • 14-01-2022, 15:50