"Mənzil bazarında qiymət artımının səbəbləri tələb çoxluğu və tikinti materiallarının artımı da daxil olmaqla 14 faktorla bağlıdır".
Bunu Missiya.Az-a açıqlama verən "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc deyib.
Sədrin sözlərinə görə, tikinti-inşaat materiallarının qiymət artımı, qlobal inflyasiyanın doğurduğu problemlər, eləcə də, milli valyutamızın alıcılıq qabiliyyətindəki dəyişikliklər özünü biruzə verən ən vacib nüanslardır.
"İnflyasiya təsirindən danışsaq mələsən, bu gün 100 minə alınan obyekt sabah 120 min dəyərinə yüksəlir. Qiymət dalğalanmaları vergiyə cəlb və digər səbəblərlə bir başa bağlıdır. Burada ən vacib nüanslardan biri də daşınmaz əmlakın biznes obyekti kimi proseslərə daxil edilməsidir".

V. Orucov bildirib ki, kapital yığımını həyata keçirən sahibkarlarımız, o cümlədən vətəndaşlar öz investisiyalarını daşınmaz əmlaka yatırırlar bu da məhz qiymət artımına gətirib çıxarır.
"Daşınmaz əmlak hər il əvvəlkinə nisbətən bahalaşan davamlı və az riskli mənfəət gətirən yatırımdır. Digər tərəfdən müvafiq icra qurumlarının tikinti şirkətlərinə qoyduğu tələblər və normativlərə əməl olunması zamanı da sahibkarlar daha çox mənfəət əldə edə bilmək üçün qiymət artımına gedir. Nağdsız ödəmələrin dövriyyədə olması da digər nüansdır ki, bu zaman vergidən yayınma halları aradan qalxır. Bu da özlüyündə qiymət artımına səbəb olan elementlərdəndir."- V. Orucov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az