|
|
![]() |
Demək olar ki, hər gün COVİD-19-a yoluxanların sayı ilə bağlı həyəcanlı rəqəmlər eşidirik Son statistikaya görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 4170 nəfərə çatıb. Artıq Azərbaycanda ümumi xəstə sayı 45 min nəfəri keçib. Ölənlərin sayı da yay ayları ilə müqayisədə 4 dəfəyə qədər artıb.
Azərbaycan xalqı İtaliya və İspaniyada yaz və yay aylarında koronavirusla bağlı yaşananları media vasitəsilə yaxından izləyirdi. Hər kəs gördü ki, dövlətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində qeyd edilən ölkələrdəki acınacaqlı vəziyyət Azərbaycanda yaşanmadı. Dövlət insanları həm maarifləndirmə, həm iqtisadi, həm də tibbi baxımdan tam təmin etdi. Müşahidələr göstərir ki, yoluxma və ölüm hallarının yüksəlməsi bütün dünyada müşahidə olunur. Hətta bəzi dövlətlərdə vəziyyət nəzarətdən çıxıb. Bir çox dövlətlər isə sərt karantin rejimi tətbiq etməklə yoluxma sayını nəzarətdə saxlamağa çalışır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da bir çox insanlar təhlükənin fərqinə varmır, yaz və yay aylarında olduğu qədər məsuliyyətini dərk etmir. İnsanlar qaydaları pozur, maska taxmır, sosial məsafəni qorumur, tövsiyyələrə əməl etmir. Həmçinin Azərbaycan xalqının Vətən Müharibəsində əldə etdiyi tarixi qələbəni kütləvi şəkildə qeyd etməsi, şəhid dəfnlərində kütləviliyin yaranması, sosial məsafənin qorunmaması nəticəsində yoluxma sayı kəskin artmağa başladı. Təhlillər göstərir ki, qabaqlayıcı tədbirlər görülməsə, Azərbaycanda vəziyyətin nəzarətdən çıxma ehtimalları var. Hətta yoluxmanın 5-6 min nəfərə çatacağı ehtimal olunur.
Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır. Əlbəttə ki, hər bir dövlətdə təcili yardım maşınlarının, xəstə çarpayılarının və digər tibbi ləvazimatların sayı gündəlik xəstə yükünə hesablanıb. Yoluxma sayının artması ilə xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək. Hazırda xəstəxanalarda 40 min nəfərdən çox COVİD-19 xəstəsi müalicə alır. Amma əhali başa düşməlidir ki, tibbi imkanlar sonsuz deyil, həddi var. Bu həddin aşılmasına isə çox az qalıb. Təcrübə göstərir ki, yoluxma sayı yalnız sərt karantin rejimi tətbiq olunduğu halda azalır.
Vəziyyət azalmaya doğru dəyişməsə, yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərə əl atıla bilər. Bu məhdudiyyətlər isə əhalinin həm iqtisadi, həm də sosial-psxoloji vəziyyətinə təsirsiz ötüşməyəcək. Ona görə də dövlət hələ ki, məhdudiyyətləri minimal səviyyədə tətbiq edir. Sərt karantin rejiminin tətbiq olunmaması üçün insanlar öz məsuliyyətlərini dərk etməli, qoyulan qaydalara əməl etməlidir. Əks təqdirdə, yaz və yay aylarında olduğu kimi indi də bütün ticarət obyektləri bağlanacaq, SMS icazə sistemi tətbiq olunacaq.
Missiya.Az