AZ   |   RU
AzMİU məzunlarının yadda qalan məzun günü keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50-ci ilinə təsadüf edən builki buraxılış təntənəli şəkildə qeyd olunub. 



Missiya.Az xəbər verir ki, həmin önəmli tədbir 2025-ci il iyulun 1-də Bakı Kristal Zalında baş tutub. 


Universitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm və ictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıb. Zövqlü şəkildə hazırlanmış səhnə dekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsr olunmuş vizual materiallar tədbirin təntənəli ovqatını tamamlayıb. 


Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sözügedən anlar gənclərin vətənə bağlılıq duyğularını daha da gücləndirib, onların yeni mərhələyə milli məsuliyyət hissi ilə qədəm qoyduqlarını simvolizə edib. Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Elm və Təhsil nazirinin müavini İdris İsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədri Nərman Topçubaşev çıxış ediblər. Onlar məzunları ürəkdən təbrik edib, onların valideynlərini və müəllimlərini təhsil prosesindəki səylərinə görə xüsusi təşəkkürlə yad edib. 


Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlar tərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimai fəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı ilə seçilən məzunlar xüsusi sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda, tədbirdə iştirak edən rəsmi şəxslər məzunlara fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim ediblər ki, bu da onların əzmkarlığının və nailiyyətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib. 


Rəsmi hissədən sonra əyləncəli və yaddaqalan bədii-musiqili proqram təşkil olunub.




Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 20:30