b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_101085438_538423976827619_5370900554048339968_n.jpg

                                                                                   
                                                                    Kənan Hacı

İyun ayının ikinci günüdür. Adətimə xilaf olaraq bu gün sübh tezdən oyanmışam. Uzun illərdir yuxularımı sözə qurban verməklə məşğulam; yuxunun vaxtından kəsib sözə xərcləyirəm. Söz də sağ olsun, məni amanda qoymur. Gecədən oxuduğum kitab dolabın üstündədir. Allah Günəş lampasını yandırıb dünyanı işığa boyayıb, amma gecədən dolabın üstündə söndürməyi unutduğum gecə lampasının işığı hələ də kitabın üzünü isidir. Pəncərədən günəşi görüb uşaq kimi sevinirəm. Dolabın üstündəki kitab və kitabın üstündəki sözlər məni bir anda yerimdən dik qaldırıb ayaq üstə qoyur: “Sabah həmişə var”! Çoxdandı yuxudan belə gümrah oyanmırdım.

Bu kitab martın 5-dən yazı masamın üstündədir. Qənaətlə, doya-doya oxuyuram, heç cür bitirmək istəmirəm. Son bir neçə ildə həyatımda, səhhətimdə elə dəyişikliklər oldu ki, mən həyatla bağların istənilən anda  qırıla biləcəyindən qorxdum. “Sonuncu dərviş”i də elə bu həyəcan və səksəkə içində yazıb bitirdim. Yataq otağına yol yazı masamdan keçir, hər gecə yatmağa gedəndə yazı masamdakı kitab cidd-cəhdlə məni inandırmağa çalışır: “Sabah həmişə var”. Və mən bu inamla sakitcə özümü yuxuya təslim edirəm.  

****

Azərbaycan jurnalistikasında 5 xas imza varsa, biri Odur. Yaşadığım ömürdə 5 yaxşı dost qazanmışamsa, biri Odur. Yazılarını ən çox oxuduğum və zövq aldığım 5 imza varsa, biri Odur. Yaxşı imzaların tutiya kimi qeybə çəkildiyi indiki zamanda harda onun yazısını görürəmsə, elə bilirəm, ən doğma adamımla rastlaşmışam, sevincim yerə-göyə sığmır. Oxuduqca sözün havası məni özümə qaytarır. Onun qələmi üzəngisinə hər adamın ayaq basa bilmədiyi cıdır atı kimidir. Sözü ram edə bilmək hər qələmin işi deyil. O, bunu bacarıb.

Biz bir nəslin övladlarıyıq, bir əsrə sığmayan hadisələr bizim taleyimizdən keçib. İmpariyanın süqutu, müstəqillik, müharibə, torpaq itkisi, bitib-tükənməyən qayğılar… Nələr görmədik ki!.. Bütün bu kataklizmlər, uğurlar, uğursuzluqlar, göy qurşağı kimi başımız üstə açılan azadlıq… onun qələmindən süzülüb bir kitabda toplanıb. Hər dəfə onunla rastlaşanda söz ordan-burdan düşürdü, deyirdim, qardaş, sənin yazıların müstəqillik dövrümüzün salnaməsidir, bunları topla, bir kitab et. Söz verirdi, “mütləq edəcəyəm” deyirdi. Gözləyə-gözləyə gözümüzün kökü saraldı. Bir gün Ceyhun Musaoğlu məni sevindirdi: “Yazılarımı toplamışam, yaxın vaxtda kitabım çıxır!” Yenə də uzun bir zaman keçdi, kitabdan bir soraq yox idi. Düşündüm ki, yəqin fikrindən daşınıb, içimdən bir təəssüf hissi keçdi.

Günlərin bir günü inboksuma Ceyhundan mesaj gəldi: “Qardaş, hazırlaş. Kitabım çıxır, təqdimat da olacaq. Dəvətlisən!”

“Şükür, şeytanın qıçını qırdı” dedim. İndi hamı kitab çıxarır və bu kitabların böyük əksəriyyətinin nə jurnalistikaya, nə ədəbiyyata heç bir dəxli yoxdur. Böyük bir makulatura yaranıb. Susmaqla sözə xəyanət etdiyimizin fərqində deyilik. Bu lilli axıntının qarşısını almaq üçün Söz sahiblərinin gücündən, nüfuzundan istifadə etmək lazımdır. Ceyhun Musaoğlunun “Sabah həmişə var” kitabı bütün universitetlərin jurnalistika fakultələrində tədris olunmalıdır. Jurnalistikada imzalar yetişmir və biz böyük narahatlıq içində bu prosesi, daha doğrusu, passivliyi izləməkdəyik. Niyə belə olmalıdır? Axı bizim böyük potensialımız var, istedadlar həmişə yetişib və hər gələn yeni nəsil əvvəlki nəsildən bir addım da qabağa gedib. Bu gün sanki yaradıcı jurnalistikada meydan boş kimi görünür. Hansısa istedad işartısı görəndə sevincimiz içimizə sığmır. Bu, başqa bir yazının mövzusu olsa da ona görə xatırlatdım ki, Ceyhun Musaoğlu kimi qələm sahibləri mütəmadi olaraq əli qələm tutmaqda çətinlik çəkən gənclərə master-klasslar keçməlidir. Sözü yazmaqla iş bitmir, onu yazıya köçürməzdən əvvəl gərək onun hənirini ala biləsən, onun dadını, qoxusunu hiss edəsən. Hansı söz hansı sözün yanında durmalıdır, bunu bilmək üçün fəhm gərəkdir, virtuaz musiqiçi kimi sözün üzərində gəzişmələr edə bilmədinsə, səndən yazar çıxmaz. Mən bu gedişləri rəhmətlik Tofiq Abdində görmüşəm, unudulmaz qələm ustası Zöhrab Əmirxanlının yazılarında duymuşam. Hər ikisini minnətdarlıq hissiylə anıram.

Tofiq Abdin mənim əlimdən tutub ilk dəfə “Ədalət” qəzetinə gətirdi və Aqil Abbasa təhvil verdi: “Bu oğlan çox yaxşı yazır. İmkanın varsa, onu işə götür”. Bir kəlmə! Aqil müəllim sorğu-sualsız dedi: “Oğul, sabahdan işı çıx!”

Beləcə, “Ədalət” qəzetində Cehyun Musaoğlu ilə beş ay birlikdə çalışdıq. Mən onda Ceyhunu daha yaxından tanıdım. Cəld, çevik, operativ, məsuliyyətli jurnalist. Və sözü mum kimi istədiyi şəklə salmağı bacaran və hər yazısıyla ovqat yaradan usta qələm sahibi. Cana, ürəyə yaxın bir dost, qardaş qazandım. Xatırlayıram, bundan əvvəl “Sənət qəzeti” üçün ondan geniş bir müsahibə almışdım. Kitabda həmin müsahibəni axtardım, nədənsə Ceyhun onu kitaba daxil etməyib. Amma mən çox böyük ləzzət almışdım o söhbətdən.

Arabir hansısa yazım çıxanda səhərisi günü redaksiyada Ceyhun baş barmağını yuxarı qaldırıb “əla” mənasında “qəşəng yazmısan!” deyirdi. Mən də tez-tez onun köşələrinə heyranlığımı dilə gətirirdim, gülümsəyib əlini çiynimə qoyurdu: “Çox sağ ol, qaqaş”.

Sonra ayrı-ayrı yerlərdə işlədik. Buna baxmayaraq, mən Ceyhunu həmişə özümə çox yaxın bir sirdaş bilmişəm. Uzun müddət görüşməsək belə, bu yaxınlığa, bu doğmalığa heç vaxt xal düşməyib. Yəqin ruh adamları belə olur…

“Sabah həmişə var” kitabındakı yazılar haqqında danışmağa hacət yoxdur. Mən bu yazıların böyük əksəriyyətini mətbuatdan oxumuşdum və təkrar, dönə-dönə oxuduqca yenə eyni ləzzəti aldım və düşünürəm ki, bu yazılar bir dəfə oxunub keçmək üçün deyil. Ruhunu diri saxlamaq üçün hər dəfə bu kitaba qayıtmaq lazımdır. Ceyhunun səmimiyyəti ürəyimizi isidir, onunla həmsöhbət olan adamın istər-istəməz qırışığı açılır. Uzaqdan sənə yaxınlaşanda dərhal müsbət enerji dalğası içini bürüyür.

Ceyhunun bu kitabdan kənarda qalan xeyli yazıları var. Çox istərdim ki, o yazılar da ayrıca kitab kimi çap olunsun. Hansı ki, o yazıların dadı-duzu hələ də damağımdadır. Bu kitabda Azərbaycanın bütün ağrıları, qayğıları, sevincləri, qələbələri var. Ceyhun bir neçə hekayəsini və şeirini də kitaba daxil edib. Hərdən düşünürəm ki, Ceyhun içində gözəl bir yazıçını həbs edib. Çox arzu edirəm ki, o içindəki yazıçını sərbəst buraxsın. Oxuduğum hekayələr bunu deməyə əsas verir. Ceyhun roman yazsa, onun mətni ədəbiyyatda qalası bir əsər olacaq. Buna yüzəyüz əminəm.

Dünyanı karantin dalğası bürüməzdən öncə Ceyhun imkan tapıb kitabın təqdimatını və özünün 45 yaşını qeyd etdi. Sən demə, biz Ceyhunla eyni yaşda imişik və aramızda cəmi iki gün zaman fərqi varmış.

Mənim ad günümdə yazdı ki, “qardaş, təbrik edirəm, iki gündən sonra bu günü birlikdə qeyd edəcəyik!”

Elə də oldu. Bu diqqətinə görə Ceyhuna sonsuz təşəkkürlərimi bildirirəm.

Mənə yazdığı avtoqrafı da bu yazıya əlavə edirəm:

“Kənan Hacı, səninlə həmkar olduğum üçün sabahın həmişə var olduğunu düşünürəm”.

İndi bu kitab hər gecə məni sabahın var olacağına inandırır!

Yaxşı ki, bu kitab araya-ərsəyə gəldi. Növbəti kitabının yolunu gözləyirik, qardaş!

 



06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi
06 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
06 İyul 2020 AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu - FOTO
06 İyul 2020 Mirşahin Ağayev koronavirusa yoluxdu
06 İyul 2020 Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb - VİDEO
06 İyul 2020 Hovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi - VİDEO
05 İyul 2020 Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
04 İyul 2020 “Sobsan” boya fabrikində güclü yanğın - VİDEO
04 İyul 2020 Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT
04 İyul 2020 İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - VİDEO
03 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
03 İyul 2020 Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
03 İyul 2020 Azərbaycanda daha bir kanalın əməkdaşlarında koronavirus aşkarlandı
03 İyul 2020 DTX əməliyyat keçirdi - Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri saxlanıldı
03 İyul 2020 İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi
03 İyul 2020 Operativ Qərargahın üzvlərinin adları açıqlandı - TANIYAQ
03 İyul 2020 Leyla Əliyevanın doğum günüdür – FOTOLAR
02 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
02 İyul 2020 Prezident karantinlə bağlı Qanunu təsdiq etdi