
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2030-cu ilə qədər donanmasını yeniləmək məqsədilə 30 yeni təyyarə alacağını planlaşdırır.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Bakı–Mersin aviareysinin açılışı münasibətilə keçirilən tədbirdə AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib.
Onun sözlərinə görə, aviaşirkət donanmasının unifikasiyası çərçivəsində gələcəkdə yalnız iki tip hava gəmisindən istifadə edəcək: dar gövdəli “Airbus A320 Neo” ailəsi və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələri: “Bu strategiya donanmanın orta yaşını 5–6 ilə endirməyə imkan verəcək ki, bu da beynəlxalq standartlara əsasən yüksək göstərici hesab olunur. Artıq yeni təyyarələrin alınması üzrə müqavilələr imzalanıb. 2025–2026-cı illərdə AZAL parkına bir ədəd “Boeing 787” və səkkiz ədəd “Airbus A320 Neo” tipli təyyarənin daxil edilməsi nəzərdə tutulur. Hazırda AZAL-ın aviaparkı müxtəlif modifikasiyalı 25 hava gəmisindən ibarətdir və onların orta istismar yaşı 11 ildir. Artan sərnişin tələbatını qarşılayacaq çevikliyə nail olmaq məqsədilə aviaşirkət müvəqqəti olaraq əlavə üç “Airbus A320” təyyarəsi icarəyə götürüb”.
F. Hüseynov AZAL-ın son illərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət və sosial təşəbbüslər sahəsində də mühüm addımlar atdığını qeyd edib.
“Şirkət karbon emissiyalarının azaldılması, yaşıl enerji istifadəsi və beynəlxalq dayanıqlılıq standartlarına uyğunlaşma istiqamətində ciddi irəliləyişlər əldə edib. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə bu sahədə beynəlxalq səviyyədə tanınma qazanır”, - deyə o bildirib.
2024-cü ildə hava limanı Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) Proqramı çərçivəsində Səviyyə 2 (Azaltma) Sertifikatına layiq görülüb. Bu, karbon emissiyalarının sistemli şəkildə azaldılması istiqamətində atılan addımların nəticəsidir.
F.Hüseynovun sözlərinə görə, 2030-cu ilə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanı “sıfır emissiya” hədəfinə çatmağı planlaşdırır. Bu məqsədlə bərpa olunan enerji sahəsində investisiyalar artırılır – hava limanı ərazisində günəş panelləri quraşdırılıb və enerjiyə qənaət proqramları tətbiq olunur.
Ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində karbon emissiyaları 8% azaldılıb, sistemlərin modernləşdirilməsi sayəsində isə 260 min kVt/saat həcmində elektrik enerjisinə qənaət edilib.