AZ   |   RU
“Terror aktına görə birbaşa İran dövləti məsuliyyət daşıyır”- Politoloq


Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib, nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. İki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub. Bu kimi hallara qarşı həmişə mübarizə aparmışıq, tələblər irəli sürmüşük. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin nəticəsidir.

Sözügedən terror hadisəsi Azərbaycana, xalqımıza, Güneydə yaşan soydaşlarımıza, həmçinin sivil dünyaya qarşı törədilmiş hücumdur.




Politoloq Ramiz Alıyev münasibət bildirib. O, Missiya.Az-a açıqlamasında deyib ki, ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bütün dünya dövlətləri öz kəskin etirazını bildirməli və bu terror aktına cavabdeh olan İran dövlətini qınamalıdır. Belə terror aktlarının İranda fəaliyyət göstərən bütün xarici ölkələrin diplomatik nümayəndəliklərinə də qarşı törədilməsi istisna edilmir:

"Ona görə ki, bu tipli terror aktları birbaşa İran dövlətinin ən yüksək nümayəndələrinin sifarişi ilə həyata keçirilir. Belə olmasaydı niyə həmin terroru törədən şəxs rahat şəkildə səfirliyin binasına daxil ola bilir və məlum faciəyə səbəb olur?! Hər kəsə məlumdur ki, Vyana Konvensiyasına görə bütün dövlətlər ölkərində olan diplomatik korpusların təhlükəsizliyinə cavabdehdir".

Ramiz Alıyev onu da vurğulyıb ki, İranın dövlət rəsmilərinin hadisə ilə əlaqədar açıqlamasında terror aktına məişət zəminində baş verən hadisə donunu geyindirməklə öz dövlətinin iç üzünü açmış oldu. Belə ki, hadisə yerinə gəlib hələ onun səbəbini öyrənmədən, istintaq nəticələrini gözləmədən və qeyri-peşəkarcasına hadisəyə hüquqi qiymət verirlər:

"Bunun qeyri-peşəkarlıqdan irəli gəlməsi ilə yanaşı, həm də bu terror aktının məhz İran dövlətinin təşkil etməsini dolayısı ilə bəyan etməsidir! Ancaq İran dövləti bir məsələni unutmamalıdır ki, Azərbaycan dövləti və dünyada olan əlli milyondan artıq soydaşımız bu terror aktının hesabını həm İran dövlətindən həm də bunu təşkil edənlərdən çox ciddi şəkildə tələb edəcək. Cənab Prezident İlham Əliyevin terror aktı ilə bağlı etmiş olduğu paylaşım hesab edirəm ki, bu aktı təşkil edənləri bir daha düşündürməlidir!".

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 27-01-2023, 15:35