AZ   |   RU
Şəhid Zəbiyulla Məmmədovun doğum günündə məzarı ziyarət olunub – FOTOLAR

Vətən müharibəsinin şəhidlərindən olan, Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş, Nizami rayonu 229 saylı məktəbin məzunu Məmmədov Zəbiyulla Şahin oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.
 
Ziyarətdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, qurumun məsul əməkdaşları, Milli Məclisin deputatı Könül Nurullayeva, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, 229 saylı məktəbin direktoru Vüsalə Məmmədova, eləcə də müəllim və şagird heyəti iştirak edib.
 
Missiya Media Qrupunun nümayəndələrinin də iştirak etdiyi ziyarətdə Zəbiyulla Məmmədovun xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxuyublar.
 
Şəhidin məzarı önündə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən Müharibəsində əldə olunmuş şanlı zəfərimizin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlıq nümunələri yaratmasından danışıb.
 
Millət vəkili Könül Nurullayeva da öz növbəsində şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb və Zəbiyulla Məmmədovun istedadlı musiqiçi olmasından bəhs edib.
 
229 saylı məktəbin müəllimləri Zəbiyulla Məmmədov barədə xatirələrini bölüşüb, onun intizamlı, məsuliyyətli və yüksək əxlaqi keyfiyyətlərə malik olan şagird kimi yaddaşlarda qaldığını qeyd ediblər.
 
Şəhidin atası Şahin Məmmədov Dövlətin və bilavasitə Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə göstərdiyi doğma münasibətdən razı qaldıqlarını bildirib, göstərilən diqqətə, şəhidlərin xətirəsinin əbədiləşdirmək məqsədilə görülən işlərə görə Nizami rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib.
 
Ziyarətdə iştirak edən 229 saylı məktəbin şagirdləri şəhidin məzarı başında vətənpərvərlik mövzularında şeirlər də səsləndiriblər.
 
Qeyd edək ki, Məmmədov Zəbiyulla Şahin oğlu müharibənin 39-cu günü, yəni oktyabr ayının 4-də yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
 
 
 
 
   
 
 

Baxış sayı: 655
  • 14-04-2022, 14:26