AZ   |   RU
“DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib



Kiçik və orta sahibkarlıq (KOB) subyektlərini əmək qanunvericiliyi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində maarifləndirmək, onların qarşılaşdığı praktiki çətinlikləri dinləmək və bu istiqamətdə dəstək göstərmək məqsədilə görüş keçirilib.

Missiya.Az xəbər verir ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi çərçivəsində “Bakı KOB evi”ndə baş tutub.

Tədbirdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov iştirak ediblər.

S.Hümbətov tədbirin dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Bildirilib ki, KOBİA tərəfindən sahibkarların hüquqi savadlılığının artırılması və sosial məsuliyyətlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və “DOST Müfəttiş” kimi layihələr də məhz bu məqsədlərə xidmət edir.

E.Səfərli layihə barədə görüş iştirakçılarına məlumat verib:

"Layihə çərçivəsində dövlət və özəl sektora aid müəssisələrdə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi zamanı “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün texniki və metodiki dəstək göstərilib. İnsan resurslarının idarə olunması sahəsində vəziyyət qiymətləndirilib, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təqdim olunub".

KOBİA ilə əməkdaşlığın əhəmiyyətinə toxunan E.Səfərli qeyd edib ki, kiçik və orta sahibkarlar əmək bazarının çevikliyini təmin edən əsas qüvvədir və layihəyə yeni qoşulacaq müəssisələrə də bu istiqamətdə dəstək göstəriləcək.

A.Rəhimov əmək münasibətlərinin tənzimlənməsi və işçilərin hüquqlarının qorunmasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.

O, layihənin Xidmətlə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünü-qiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

Sonda sahibkarların layihədə iştirak etməsi üçün təqdimat edilib, əmək qanunvericiliyinə dair suallar cavablandırılıb.




  • Dünən, 18:57