AZ   |   RU
Bu gün Abbasqulu ağa Bakıxanovun doğum günüdür


Şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi, Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində dünyaya gəlib. 



Missiya.Az xəbər verir ki, Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. 


Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapıb A. Bakıxanovun Varşavada olarkən yazdığı "Merace-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi sözügedən poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim edib. Mütəfəkkir "Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. Onun qələm yaradıcılığından çıxan hər bir əsər zövq oxşayır. 


Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alim "Qanuni-Qüdsi", "Əsrarül-məlaküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. 


31 may 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat edib və həmin yerdə dəfn olunub.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Bu gün, 13:46