
Yay mövsümünə doğru gedirik. Bu fəsildə SPF kremlərindən istifadə edirik ki, günəşin zərərli şüalarından qorunaq, dərimiz zərər görməsin, hətta daha ciddi xəstəliklər baş verməsin. Lakin sözügedə kremləri seçərkən diqqətli olmalıyıq, əks təqdirdə onun da fəsadları ilə üzləşə bilərik.
Həkim-kosmetoloq Leyla Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, SPF alarkən yaş faktoru, dəri tipi önəmlidir:
“Həmin kremlərdə SPF 20, 30, 50, 100 formasında olur. Bu rəqəmlər artdıqca bunların qoruma gücü də daha artıq olur. Gündəlik həyat tərzimizdə, işə gedərkən və s. SPF 20, ya da 30 çəkə bilərik. Ancaq yayda nəzərə almalıyıq ki, ultrabənövşəyi şüaların zərərli təsirlərindən maksimum dərəcədə özümüzü qorumalıyıq. Ona görə də mütləqdir ki, SPF 50 istifadə edək. Dəniz kənarında günəş vannası qəbul edərkən SPF 50, 100 kremlərindən istifadə vacibdir”.

Həkim-kosmetoloq SPF kreminin üz dərisinə çəkilmə qaydasını da izah edib:
“Səhər üzümüzü tam təmiz edirik, sonra SPF-i sürtürük. Sözügedən kremləri 2-3 saatdan bir yeniləmək gərəklidir ki, dərimiz qorunmuş olsun. SPF seçərkən keyfiyyətinə diqqət etmək çox önəmlidir. Bəzən tərkiblərində müəyyən tonal vasitələr olur və bütün bunlar SPF-in təsir gücünü azaldır. Yaxşı olar ki, onu sadəcə günəşdən qorunmaq məqsədilə alıb istifadə edək. Statistikaya görə il ərzində 1 milyona qədər insan dəri xərçənginə məruz qalır. Ən ölümcül növü olan melonamadan əziyyət çəkənlər də olur. Ona görə də mütləq günəş qoruyucu kremlərdən istifadə edilməlidir”.
Zərintac Mayisqızı
Missiya.Az