
Türkiyənin İstanbul şəhərində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı və Kanadanın CGDL (Qlobal Dialoq və Liderlik Mərkəzi) təşkilatının birgə təşkilatçılığı ilə keçirilən nüfuzlu Beynəlxalq “Youth Impact” Forumunda Səidə Cəfərova və Elnarə Əsgərova Azərbaycanı təmsil ediblər.
Missiya.Az hər iki nümayəndə bakalavr təhsillərini Bakı Dövlət Universitetinin Politologiya ixtisasını fərqlənmə ilə bitirmiş və hal-hazırda Magistr pilləsi üzrə təhsillərini eyni sahə üzrə davam etdirirlər.
Forum Kanadada yerləşən “Center for Global Dialogue and Leadership” (CGDL) təşkilatı tərəfindən təşkil olunub və 40-dan çox ölkədən 100-dən artıq gənc lideri, fəalı və mütəxəssisi bir araya gətirib.
Azərbaycan nümayəndə heyəti olaraq təqaüd qazanaraq forumda iştirak hüququ əldə edən gənclər, strateji müzakirələrə və liderlik yönümlü proqramlara fəal şəkildə qatılıblar.
BMT nümayəndələri, diplomatik dairələr və beynəlxalq gənclər şəbəkələri ilə birbaşa görüşlərdə Azərbaycan gəncliyinin səsini çatdıraraq regional əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.
“Bu dünyada uğrunda mübarizə aparmalı olduğumuz tək müharibə sülhdür,” – bu sözləri BMTİP-də fəaliyyət göstərmiş Səidə Cəfərova forum çərçivəsində keçirilən sessiyalardan birində çıxışında qeyd edib.
Elnarə Əsgərova çıxışında bu cür tədbirlərdən birinin mütləq Bakının ev sahibliyi etməsi üçün şəxsən təşəbbüs göstərəcəyini vurğulayıb.
Tədbirin dövlətlərin mədəniyyətlərinin tanıdılmasına həsr olunmuş hissəsində azərbaycanlı gənclər “Bayatı Şiraz” və “ Qarabağ şikəstəsi” sədası altında Azərbaycan bayrağını nümayiş etdirib və eyni zamanda mədəniyyət, tolerantlıq, multikulturalizm ölkəsi olan Azərbaycan haqqında forum iştirakçılarına məlumat verib.