
Bu gün dastana dönən qəhrəmanımız Xudayar Yusifzadənin doğum günüdür.
Missiya.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi Xudayar 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub.
O, 2020-ci ilin Tovuz döyüşləri zamanı general–mayor Polad Həşimovun şəhadətə ucalmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. İgidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət, daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib.
Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın mərd oğlu ölümündən sonra Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin, vətənin bütün qəhrəman övladları xalqımızın qəlbində əbədi məskən qurub.
Zərintac Mayisqızı
Missiya.Az