AZ   |   RU
Xalq artisti, professor Azər Rzayevin doğum günüdür

15 iyul 1930-cu ildə bəstəkar, Xalq artisti, professor Azər Rzayev Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb.

Missiya.Az 
xəbər verir ki, A.Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınıb. O, həmin əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülüb.


1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərib, Radio və Televiziya komitəsində səs rejissoru (1958–1960), M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972–1987) kimi çalışıb.


Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb. Xalq artistinin yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestrə "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestrə "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.


1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olub. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaradıb.


Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:12