AZ   |   RU
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik


Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası və Polşa xalqı adından, həmçinin öz adımdan Sizə, ölkənizə və onun bütün vətəndaşlarına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Şadam ki, Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında çox yaxşı və mehriban ikitərəfli münasibətlər son illərdə geniş vüsət alıb.

Keçən il COP29 iqlim konfransında Bakıda olmağımı və Sizinlə şəxsi görüşümüzü məmnunluqla xatırlayıram. Belə böyük bir tədbirin uğurla keçirilməsi Azərbaycanın dinamik şəkildə artan imkanlarının və əhəmiyyətinin ən gözəl nümunəsidir.

Polşa Azərbaycanı Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi qəbul edir və biz Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Mən qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində və onun ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə yüksəldilməsində xüsusilə maraqlıyam. Bundan əlavə, Polşanın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı formatında ölkələrimiz üçün faydalı əməkdaşlığın bütün sahələrinin daha da inkişafına daim hazır olduğuna Sizi əmin etmək istəyirəm.

Sizə cansağlığı, ölkənizin hərtərəfli inkişafında bol-bol uğurlar, Azərbaycan Respublikasının bütün sakinlərinə firavanlıq və əmin-amanlıq arzulayıram".




  • Dünən, 20:37