AZ   |   RU
Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq müzakirə olunub


Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim Əl-Bayumi ilə görüşüb.


Missiya.Az xəbər verir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm və tolerantlıq mühtinin qorunması, beynəlxalq miqyasda dinlərarası dialoqun dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verən Ramin Məmmədov Azərbaycanla Misir arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu qeyd edib.

İki ölkə arasında digər sahələrdə olduğu kimi dinlərarası dialoq, İslam dininin mütərəqqi dəyərlərinin təbliği istiqamətində əməkdaşlığın təkmilləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın mənəvi birliyə, birgəyaşayışa, dünyada sülh və anlaşmaya nail olunmasına xidmət edən təşəbbüslərinin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qonaq qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




  • 27-05-2025, 19:23