
“Birazdan gedib həll edəcəyəm”, “Bu gün qalsın sabah bitirəcəyəm” və həmin zaman isə heç gəlmir. Bəli, günümüzdə əksəriyyətimiz ertələmə (təxirə salma) sindromundan əziyyət çəkir.
Səbəb nədir? Sözügedən vəziyyətdən özümüzü necə xilas edək?
Psixoloq Gövhər Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, həmin durum hazırda geniş yayılmış sindromdur:
“İnsan etməli olduğu, üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə o vaxt yetişdikdə artıq başqa işlə məşğul olur. Sözügedən öhdəliyindən müəyyən bəhanələr taparaq yayınmağa çalışır. Təbiidir ki, bu belə şəxslərin şəxsi, təhsil, iş həyatına və sosial münasibətlərinə mənfi təsir göstərir. Səbəblər müxtəlifdir. Ən mühümü özünü yetəri qədər motivasiya edə bilməməsidir. Nəticədə isə qorxu yaranır - İşini görə bilməmək, başa çatdıra bilməmək qorxusu. Sözügedən sindrom özgüvən əksikliyi ilə əlaqəlidir. İnsanda qorxu ortaya çıxırsa demək ki, həmin şəxsdə özgüvən əksikliyi var. Problemlərdən qurtulmaq üçün insan öz üzərində çox işləməli, planlı olmalıdır. Gündəlik görəcəyi işləri sıra ilə həyata keçirməlidir. Həmçinin, telefon, televizor, planşet kompüter bizə çox əngəl törədir. Günün hansı saatlarında özümüzü məhsuldar hiss ediriksə adı qeyd edilən texnoloji vasitələrin ekranlarından həmin vaxtlarda uzaq durmaq lazımdır”.

Mütəxəssisin sözlərinə görə sözügedən problemlər uşaqlıq dövrlərində də yaranır:
“Bəzi valideynlər var ki, çox sərt qaydalarla övladlarını böyüdürlər. Azyaşlılar da qorxusundan bu qaydalara əməl etməyə çalışırlar. Uşaqlar artıq öz emosiya və istəklərini bir qırağa qoyurlar. Nəticədə o balacalar böyüyüb yeniyetməlik, gənclik yaşlarına çatanda sanki üsyan edərək görməli olduqları vəzifələrdən yayınırlar. Zamanla təxirə salma onlarda da formalaşır. Azyaşlılar rahat şəkildə öz emosiya və hislərini ifadə edə, bölüşə bilməlidir”.
Zərintac Mayisqızı
Missiya.Az