Mayın 9-da Rusiyanın paytaxtı Moskvada Alman faşizmi üzərində qələbənin 80-ci ildönümü ilə bağlı parad keçiriləcək. Bu paradda bir sıra xarici qonaqların da iştirakı gözlənilir. Bir müddət öncə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, mayın 9-da keçiriləcək paradda 20-yə yaxın dövlət və hökümət başçıları iştirak edəcək. Hətta Peskov bu gün bəyan etdi ki, həmin tədbirdə iştirak edəcək xarici qonaqların siyahısı mayın 6-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov tərəfindən açıqlanacaq. O, bu günkü açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin də bu Parada ciddi hazırlaşdığının anonsunu da verdi. Verilən bəyanatlardan aydın olur ki, Rusiya bu parada ciddi hazırlaşır və bu tədbiri təntənəli keçirməkdə maraqlı görünür. Ancaq burada diqqət çəkən bir məqam var. Bu da Ukrayna tərəfindən verilən mesajlardır. Kiyev dəfələrlə bəyan edib ki, mayın 9-da Moskada keçiriləcək parada Ukrayna tərəfindən heç bir təhlükəsizlik zəmanət verilmir. Hətta bunu Ukrayna Prezidenti Volodimir Zelenski də bir neçə gün bundan öncə bəyan edib. Ancaq buna baxmayaraq, Moskva bu tədbiri keçirməkdə israrlıdır və təhlükəsizlik tədbirlərini artırmaq üçün paradın keçiriləcəyi yerə ölkənin ən güclü hava hücumundan müdafiə sistemlərini yerləşdirir. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bildirib ki, Ukrayna tərəfindən hansısa təxribata yol verilərsə, Kiyev mayın 10-nu gününü görməyəcək. Beləliklə, hər iki ölkənin rəsmiləri tərəfindən verilən mesajlar göstərir ki, mayın 9-u həyəcanlı gün olacaq.
Maraqlıdır, Ukrayna mayın 9-da Moskvaya, xüsusən də verdiyi mesajların arxasında dayanıb həmin gün paradın keçiriləcəyi ərazidə cəhd edə bilərmi?
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, mayın 9-da qeyd olunan qələbə günü keçmiş sovet respublikasının 15 dövlətinin ortaq qələbisidir:
“Həmin qələbə təkcə Rusiyanın deyil, digər 15 respublikanın qələbəsidir. Müharibə başlamamışdan öncə Ukrayna da hər ilin mayın 9-da keçirilən tədbirdə özü də iştirak edirdi. Həmin zamanlar iki ölkənin yaxşı münasibətləri var idi və onlar qardaş xalqlardır. İndiki məqamda isə iki ölkə arasında müharibə getdiyi üçün Ukrayna bu tədbirlərin heç birinə qatılmır”.
Turan Rzayev qeyd edib ki, Ukrayna tərəfinin parada təsir imkanları azdır:
“Hər halda Rusiya da zəif dövlət deyil. Moskva hər hansısa təxribatla bağlı xəbərdarlıq edib və təhlükəsizliyi 2-3 qat artıracaq. Düşünmürəm ki, həmin gün paradın keçiriləcəyi ərazidə hansısa insident yaşansın. Belə bir şey baş verəcəyi təqdirdə, bunun məsuliyyəti Ukrayna üçün çox ağır olacaq. Nəzərə almaq lazımdır ki, orada təkcə Rusiya Prezidenti yox, bir çox ölkələrin dövlət və hökümət başçıları da iştirak edəcək. Misal olaraq, ABŞ-nin də bir sıra nümayəndələri bu tədbirdə iştirak edəcəklər. Əgər Kiyev tərəfindən hər hansısa təxribat həyata keçirilərsə, o zaman Ukrayna özü öz ayağına güllə vurmuş olacaq. Ukrayna tərəfinin verdiyi bu cür mesajların blefdən başqa bir şey olduğunu düşünmürəm”.
Ukraynanın Dnepropetrovsk vilayətindəki Azərbaycan diasporasının sədri Eldar Tağıyev də məsələ ilə bağlı Missiya.Az-a açıqlama verib. O da hesab edir ki, mayın 9-da Ukraynanın Moskvaya zərbə endirəcəyini gözləmək yersizdir. E.Tağıyevin fikrincə Rusiya özü müəyyən təxribatlara əl ata bilər.
“Moskva bundan öncə də dəfələrlə bu cür yollara əl atıb. Buna misal olaraq, ötən ilin dekabrında Rusiya səmasında Azərbaycan hava yollarına məxsus təyyarənin vurulmasını göstərmək olar. Həmin zaman ruslar ilk başda bunu Ukraynanın üzərinə atmağa səy göstərdi. Ancaq sonradan aparılan araşdırmalar göstərdi ki, burada Ukraynanın heç bir əli yoxdur və hava gəmisi Rusiya tərəfindən vurulub. İndi yenə Rusiya tərəfi eyni yola əl ataraq, paradda özü bilə-bilə hər hansısa təxribata əl atıb bunu Ukraynanın üzərinə atmağa səy göstərə bilər”.
Onun sözlərinə görə, Medvedev bundan öncə də Ukrayna ilə bağlı sərt mesajlar verib, ancaq bunun heç bir əhəmiyyəti olmayıb:
“Medvedev bu cür mesajlar verməklə bir növ Ukraynanı qorxutmağa çalışır, amma Kiyev onun bu cür mesajlarına öyrəşib və həmin mesajlar Ukraynanı qorxutmur. Ancaq mən inanmıram ki, Kiyev xarici qonaqların qatılacağı paradda hansısa bir təxribata əl atsın. Ukraynaya heç bu cür təxribata əl atmaq lazım da deyil. Rusiya tərəfindən verilən mesajların heç bir əhəmiyyəti yoxdur və Ukrayna tərəfi belə bir təxribata əl atmayacaq. Çünki Kiyev dinc əraziləri vurmaqda maraqlı deyil”.
Qeyd edək ki, ötən gecə Ukrayna Moskvaya növbəti kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində yaşayış binalarından birinə ciddi xələl yetirilib. Moskva meri Serqey Sobyanin bu barədə açıqlama verərək pilotsuz uçuş aparatlarının hamısının moskva səmasında vurulduğunu bildirib. Mayın 6-na keçən gecə Rusiyanın digər şəhərlərinə də dron hücumları olub. Hücumlarda ümumilikdə yüzdən artıq PUA-nın iştirak etdiyi bildirilir.
Daşqın Həsənov
Missiya.Az