
Redaksiyamıza Bakı şəhəri, Nəsimi rayonunda yaşayan adının çəkilməsini istəməyən bir şəxs tərəfindən şikayət daxil olub.
Vətəndaş Missiya.Az-a müraciətində deyib ki, “AGNA” kimyəvi təmizləmə şirkətinə 2 (iki) ədəd hər birinin dəyəri 3000 (üç min) ABŞ dolları olan kişi pencəyi təhvil verib.
“Pencəkləri təhvil verən zaman onların qiymətli mal olduğunu bildirdim. Kimyəvi təmizləmə xidməti müqabilində şirkətə 26.20 AZN xidmət haqqı ödəyib qəbz götürmüşəm. Pencəkləri onların vəd verdiyi gün geri götürmək istəyəndə 25.04.2025-ci il tarixində şirkət əməkdaşları tərəfindən dedilər ki, paltarlarınız oğurlanıb. Ümumilikdə 2 (iki) pencək üçün mənə 10.200 AZN maddi ziyan dəyib. Qarşı tərəfə dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə ziyanı tam şəkildə ödəməkdən boyun qaçırıblar. Buradan aydın olur ki, pencəklər qiymətli olduğu üçün şüurlu şəkildə oğurlanıb. Xahiş edirəm problemimi işıqlandırın”, - o qeyd edib.
Biz də sözügedən kimyəvi təmizləmə şirkəti ilə əlaqə saxladıq.
Onlardan bildirildi ki, vətəndaşa ximət tərəfindən məhsulların eynisini almaq təklif olunub: “Amma həmin xanım bizə kobud davrandı, dəyən ziyan müqabilində alacağımız pencəklərin keyfiyyətsiz olacağını söylədi. Sonda vətəndaşa onun məhkəməyə müraciət edə biləcəyini dedik”.
Məlumat üçün bildirək ki, şikayətçi aidiyyəti qurumlara da müraciət edib. Problemin həlli məqsədilə işlər aparılır.
Zərintac Mayisqızı
Missiya.Az