
“Ermənistan Baş naziri Nikol Paşinyan ikinci 44 günlük müharibədən öncə Qarabağ Ermənistandır deyəndə, o an yəqin ki, anlaya bilməyib ki, o, bu bəyanatı ilə Azərbaycana yaşıl işıq yandırıb və çox keçmədən müharibə baş verib”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan deyib.
“Diplomatiyamız bütün mövcudluğu boyu heç bir səviyyədə bu qədər cəhalət nümayiş etdirməmişdi. Və bundan sonra Azərbaycan cəmi bir neçə gün ərzində bütün mövcud beynəlxalq platformaları Ermənistanın birinci şəxsinin Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməsi ilə bağlı bəyanatları barədə məlumatlandırdı ki, bu da onların müharibəyə başlaması üçün qanuni əsas yaratdı”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan diplomatiyası beynəlxalq normalara istinad edərək, Ermənistandakı birinci şəxsin Azərbaycana qarşı ərazi iddiası olduğunu əsaslandıra bildi. Və beynəlxalq hüquqda heç bir norma yoxdur ki, suveren dövlətə öz ərazi bütövlüyünü hər hansı şəkildə müdafiə etməyi qadağan etsin.
Akopyan qeyd edib ki, Azərbaycan Qarabağda hər şeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq etdi ki, bu da Erməni tərəfinin diplomatik məlumatsızlığının nəticəsidir.
Daşqın Həsənov
Missiya.Az