AZ   |   RU
TİKA-dan Azərbaycanda Daun Sindromlu idmançılara dəstək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) paytaxt Bakıda daun sindromlu idmançılara və onların məşqçilərinə dəstək məqsədilə idman geyimi və idman ləvazimatları təqdim edib.

Missiya.Az
-a verilən məlumata görə, TİKA və Azərbaycan Daun Sindromlu İdmançılara Dəstək Dərnəyi ilə əməkdaşlıq çərçivəsində milli və beynəlxalq atletika, boççe, stolüstü tennis yarışlarında iştirak edən 60 daun sindromlu idmançı və 10 məşqçi idman geyimi və idman ləvazimatları ilə təmin olunub.

İdman avadanlıqlarının təqdimatı və daun sindromlu idmançıların məşq mərasimində iştirak edən TİKA-nın Bakı koordinatoru Hayrettin Özçelik deyib: "TİKA olaraq biz hər zaman bu xüsusi idmançıların və bu xüsusi uşaqların yanında olmağa çalışırıq. İnanıram ki, hər yarışdan mükafatlarla qayıdan daun sindromlu azərbaycanlı idmançılarımız hər iki ölkənin simvollarını daşıyan yeni formaları ilə daha böyük uğurlara imza atacaqlar".

Azərbaycan Daun Sindromlu İdmançılara Dəstək Dərnəyinin prezidenti Elnur Məmmədov hər il mart ayında Azərbaycanda “Dünya Daun Sindromu Günü” münasibəti ilə beynəlxalq idman yarışları və festivallar təşkil etdiklərini bildirib.

"Bu il xüsusilə də Türk Dünyasından daun sindromlu idmançılarımız yeni forma və geyimləri ilə yarışlara qatılacaqlar. TİKA-ya və türk xalqına təşəkkür edirik”, - Elnur Məmmədov vurğulayıb.

Daun sindromlu idmançıların ailələri də mərasimə maraq göstərib.

Valideynlərdən biri Günay Həsənova hisslərini belə ifadə edib: “Biz idmanın uşaqlarımızın inkişafına təsirini yaxından hiss edirik. Məşğul olduqları idman növləri və iştirak etdikləri yarışlar onların sosiallaşmasına və qarşılarına məqsəd qoymasına kömək edir. Bu uşaqlara verdiyi dəstəyə görə Türkiyəyə minnətdarıq”.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 16:49