AZ   |   RU
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başlayıb



Dekabrın 22-də cari tədris ili üçün respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Ümumilikdə 90 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadaları 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə ölkənin müxtəlif bölgələrində 190 mərkəzdə keçirilib. İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlamış ümumi təhsil müəssisələrinin şagirdləri də fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak ediblər.

Belə ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Xocalı şəhəri 1 nömrəli və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblərdə ümumilikdə 213 şagird respublika fənn olimpiadalarına qatılıb.

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabr, X-XI siniflər üçün isə 29 dekabr tarixində keçiriləcək. Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq. Respublika fənn olimpiadalarının keçirilməsində məqsəd gənclərin elmə və təhsilə marağını artırmaqla yanaşı, onların intellektual inkişafına töhfə vermək, eyni zamanda müvafiq istiqamətlərə olan marağın artırılmasından ibarətdir.





  • Bu gün, 12:12