“Ukrayna-Rusiya müharibəsi başlayandan bəri bunun daha çox silah, daha çox qan, daha çox göz yaşı ilə deyil, daha çox sülh səyləri, daha çox xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brazilya səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verərəkən deyib.
“İndi müharibəni alovlandırmaq və heç vaxt bitməməsini, o cümlədən bunun yayılmasını təmin etmək üçün belə bir addım ABŞ prezidenti Co Baydendən gəldi. Ağ Ev rəhbərinin bu addımı nəinki münaqişəni gərginləşdirəcək, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı da təsdiqləyib:
“Bütün bunlar regionu və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. Bizim gözləntimiz və arzumuzdur ki, Ukrayna və Rusiya tərəfləri təxribatlara boyun əymədən, sakitliyi qoruyub və sülhə diqqət etsinlər. Bu böyük səhv əsasında edilən ən kiçik səhv, təxribatlara qapılmaq barut çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az