AZ   |   RU
Yararsız pullar harada və necə dəyişdirilməlidir? - AÇIQLAMA


Demək olar ki, əksəriyyətimizdə zədələnmiş pullar olur. Bu, bəzən bilmədən bizim səhvimizdən yararsız hala düşür, ya da marketlərdə, alış-veriş məkanlarında xırda pul qaytarılanda yaşanır və sonradan buna fikir veriririk, o anda diqqət etmirik. Bəs zədələnmiş pulları harada və necə dəyişdirilməliyik? Hansı şərtlər tələb olunur?

İqtisadçı-ekspert Xalid Kərimli Missiya.Az-a açıqlamasında deyib ki, yararsız pulların dəyişdirilməsi Mərkəzi Bankın nağd pul ofisləri vasitəsilə həyata keçirilir.

“Kommersiya banklarından bunu tələb etmək ixtiyarına malik deyilik. Mərkəzi Bank isə həmin pulları dəyişdirməyə məcburdur. Amma təbii ki, burada bir neçə şərtlər var. Birincisi zədələnmiş pul deyəndə əlbəttə, manat nəzərdə tutulur. Digər xarici valyutaları mərkəzi bank dəyişdirmir. Sözügedən xarici valyutaları aid olduqları ölkələrin Mərkəzi Bankına təqdim etmək olar. Manatın dəyişdirilməsi qaydasına nəzər salanda, Mərkəzi Bankın Bakı şəhərində yerləşən nağd pul ofisi yerləşir, regionlarda da – Biləsuvar, Quba, Gəncə, Naxçıvan və Yevlaxda bu ofislər var. Vətəndaşlar yararsız pullarını həmin məntəqələrə gətirə bilər. Zədələnmiş pul o halda dəyişdirilir ki, kağız pulun tam 60 faizli bütöv hissəsi olmalı, ən azı o hissədə seriya nömrəsi aydın oxunmalı və yararsız hala gəlməməlidir. Eyni pula məxsus müxtəlif hissələrdən ibarət pul əlinizdə varsa, elə bu da ən azı 60 faizlik səthə malik və seriya nömrəsi də olmalıdır. 60 faizlik şərt ona görə qoyulur ki, bir pulu iki hissəyə bölüb onu dəyişdirmək cəhdləri olmasın. Pulun bütöv hissəsi 60 faizdən az deyilsə Mərkəzi Bank onu dəyişdirir. Dəmir pullarda isə, əsas məqam onun nominalının oxuna bilməsidir”, - o vurğulayıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • 1-11-2024, 11:13