AZ   |   RU
7-9 saat yatmaq qarın piylərindən qurtulmağı asanlaşdırır


Kifayət qədər və keyfiyyətli yuxu bədənin və zehnin sağlam işləməsi üçün vacibdir. Ancaq ehtiyac duyulan yuxu müddəti yaşa, həyat tərzinə və fərdi fərqliliklərə görə dəyişə bilər. Yuxu çəki artımı və itkisi ilə də əlaqəlidir. Mütəxəssislər şəxslərə görə dəyişən müəyyən yatma müddətləri təyin ediblər.

Belə ki, 7 saatdan az yatmaq immunitet sistemini zəiflədə, stress səviyyələrini artıra və uzun müddətdə konsentrasiya problemlərinə səbəb ola bilər. 9 saatdan çox yatmaq isə bir çoxlarında yorğunluq və ya sağlamlıq problemlərinin göstəricisidir.

Qeyri-kafi yuxu hormonal tarazlığı pozaraq iştahı artıran qrelinin səviyyəsini qaldırır və toxluq hissini təmin edən leptin səviyyəsini aşağı saldığı üçün arıqlamağı çətinləşdirə bilər. Bundan əlavə, yuxusuzluq stress hormonlarını artıra və qarın nahiyəsində piylənməyə səbəb ola bilər. Buna görə də 7-8 saat keyfiyyətli yuxu arıqlama prosesinizi dəstəkləyə bilər.

Keyfiyyətli yuxu üçün: Yuxu və oyanma saatlarınızı nizamlı saxlayın. Yatmazdan 1-2 saat əvvəl ekranlardan uzaq durun. Yataq otağınızı sərin, qaranlıq və sakit edin.

Ağır yeməklərdən çəkinin və rahatlaşdırıcı bir iş rejimi qurun (məsələn, kitab oxumaq və ya meditasiya etmək).

Yaşa görə tövsiyə olunan yuxu vaxtları böyüklər (18-64 yaş)  7-9 saat, 65 yaş və yuxarı şəxslər 7-8 saat, yeniyetmələr (14-17 yaş) 8-10 saat, uşaqlar (6-13 yaş) 9-11, yenidoğulmuşlar və körpələr 14-17 saat.


Zərintac Mayisqızı
Missiya.Az



  



  • 29-10-2024, 14:03