AZ   |   RU
"Salome Zurabişvili qovulmuş prezident kimi yadda qalacaq" - Tbilisi meri

"Çox tezliklə Gürcüstan dövlət başçısı Salome Zurabişvilinin prezidentlik müddəti başa çatır və buna görə o, sabiq prezident kimi deyil, vəzifəsindən qovulmuş prezident kimi yadda qalacaq. Bunun səbəbi isə onun dövlət institutlarını və konstitusiyanı təhqir etməsidir.


Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.


Onun sözlərinə görə, Zurabişvili üçün nə qanun, nə də konstitusiya mövcuddur.


“Zurabişvilinin konkret pozuntuları var və ilk dəfə deyil ki, o, konstitusiyanı pozur. Status baxımından prezident konstitusiyanı qoruyan ilk şəxs olmalıdır və o, etdiyi hərəkətlərlə təəccüb doğurur! O, hər şeyə göz yumdu, onun üçün qanun, konstitusiya mövcud deyil. Məhkəmə də onu konstitusiyanı pozmaqda ittiham etdi. Sadəcə olaraq, bu insan davranışını yenə də davam etdirir”, - deyə siyasətçi vurğulayıb.


Kaladze qeyd edib ki, konstitusiyanın pozulması onun xaricə etdiyi səfərlərdir:


“Zurabaşvili hökumətin və baş nazirin razılığı olmadan hərəkət edə bilməz. Əgər hər kəs öz qərarları ilə hərəkət edirsə, o zaman bizə konstitusiya nə üçün lazımdır? Mən baş nazirin görməli olduğu işi görsəm, parlament sədri prezidentin vəzifəsini yerinə yetirsə və bu qarışıqlıq yaranarsa, o zaman konstitusiyanın və ya qanunların nə faydası var?! Konstitusiya və qanunlar nə üçündür?! - Biz onları qorumalıyıq! İlk növbədə, dövlətimizə, konstitusiyamıza və qanunlarımıza hörmət etməliyik", - deyə siyasətçi əlavə edib.



Daşqın Həsənov
Missiya.Az



  • 7-10-2024, 15:17