AZ   |   RU
"Zəngəzur dəhlizi" ətrafında yeni geosiyasi oyun - Rusiya ilə İran üz-üzə

Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, regional və qlobal güclərin bölgəyə diqqətini daha da artırıb. Baş verənlər fonunda Cənubi Qafqazın 3 ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlıq etmək istəyən dövlətlər müəyyən regional dəhlizlərin, yeni kommunikasiya xətlərinin çəkilməsinə və uzun illərdir bağlı qalan nəqliyyat yollarının açılmasında maraqlıdır. Bununla yanaşı, yolların açılmasına qarşı çıxan, regionda əksər kommunikasiya xətlərinin bloklanmış vəziyyətdə qalmasını istəyən dairələr də var.
 
Missiya.Az xəbər verir ki, Ermənistanın “politik.am” saytında dərc olunan yazıda Cənubi Qafqaz regionunda maraqları toqquşan ölkələrin prosesləri öz xeyirinə yönəltmə cəhdlərinə toxunulub.
 
Müəllif qeyd edir ki, oktyabrın 7-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya səfəri zamanı, Rusiya tərəfi ilə təklif olunan 3+3 formatının işə salınması barədə razılığa gəlinib.
 
Sitat: “Rusiya Qafqazın üç ölkəsini - Azərbaycanı, Ermənistanı, Gürcüstanı və "böyük qonşular" - Rusiya, Türkiyə və İranı əhatə edəcək yeni bir əməkdaşlıq formatının yaradılmasında maraqlıdır. Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçəcək “Zəngəzur”, başqa sözlə “Türk dəhlizi" bu geosiyasi oyunun mərkəzinə çevrilib”, - sitatın sonu. 

Yazıda İranın regionda yaranan yeni giosiyasi reallıqlar fonunda narazılığına, Azərbaycana təzyiq göstərmək cəhdlərinə və rəsmi Bakının sərt reaksiyasına diqqət çəkilib.
 
Sitat: “Azərbaycan silahlı qüvvələri İranın təzyiqlərinə cavab olaraq Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 21 kilometrlik hissəsini bağladı, iranlı sürücüləri həbs etdi, İranın yük maşınlarına vergi tətbiq etməyə başladı. Bu qadağalar İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsinə səbəb oldu”, - sitatın sonu.
 
Məqalədə qeyd olunub ki, İran üçün Ermənistanla quru sərhədin saxlanılması həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından çox önəmlidir. Müəllifin toxunduğu məqamlardan biri Cənubi Qafqazda Rusiya-İran toqquşması ilə bağlıdır.
 
“İran üçün Ermənistanla quru sərhəddin saxlanılması çox önəmlidir. Xüsusən də İranda yeni nəhəng qaz ehtiyatlarının aşkarlanması fonunda Tehran üçün Zəngəzurun əhəmiyyəti daha da artıb. Faktiki olaraq, qaz ehtiyatları baxımından İranın yeganə rəqibi Rusiyadır. Bu baxımdan, “Zəngəzur dəhlizi”nin açılması İranın yeni qaz yataqlarından çıxarılan mavi yanacağın Avropa bazarlarına çıxarılmasının qarşısını ala bilər. Başqa sözlə, “Türk dəhlizi” İranı təcrid edə bilər. Anlaşılan odur ki, bu geosiyasi qarşıdurmada İran və Rusiya müxtəlif tərəflərdədirlər. Amma nə İran, nə də Rusiya qarşıdurmaya hazır deyil. Ona görə də iki qaz nəhənginin ortaq məxrəcə gələcəyi gözlənilir”.

Elvin 
Missiya.Az
 

  • 25-10-2021, 17:17