AZ   |   RU
Şadlıq evlərində menyular bahalaşacaq?

 

Məhərrəmlik ayının bitməsi və sentyabr ayının gəlişi ilə əlaqədar artıq toy mövsümünə start verilib. Cütlüklərin əksəriyyəti toy etmək üçün şadlıq saraylarına üz tutublar. Lakin bu gün cəmiyyət arasında toy mövsümünün başlaması ilə əlaqədar qiymətlərin daha da artacağı ilə bağlı fikirlər səsləndirilir. Bu da istər-istəməz toy sahiblərinin narahatlığına səbəb olur. Bəs görəsən, bu iddialar həqiqəti əks etdirirmi?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Missiya.Az-a açıqlamasında bildirib ki, ümumi şəkildə məhsulların qiymət artımı toy qiymətlərinə də təsir edə bilər:

“Aydındır ki, mövsümün başlaması ilə əlaqədar olaraq bir sıra məhsullara bazarda tələb artır ki, bu da mövsümü xarakter daşıyır. Ümumiyyətlə, kənd təsərrüfatı, xüsusilə də qida sənayesi məhsulları, eyni zamanda spirtli və spirtsiz içkilərə də tələbin və qiymətin artması reallıqdır. Həmçinin qiymət artımı ev,zinət əşyalarından da yan keçməyəcək”.

İqtisadçı qeyd edib ki, qiymət artımları istiqamətində müəyyən meyillər olacaq:

“Tələb çox, məhsul az olarsa qiymətlər də müəyyən qədər qalxacaq. Heç şüphəsiz ki, qida məhsulları üzrə təzyiq daha yüksək ola bilər. Çünki 2024-cü il kənd təsərrüfatı sahəsində məhsuldarlıq aspektindən iqlim və s. amillərin təsiri ilə o qədər də uğurlu olmadığına görə qida məhsulların da qiyməti aşağı olmayacaq. Digər bir vacib məsələ də var ki, bu da idxal prosesidir. Ölkəyə idxal olan məhsulların həcminin artıb-azalması da qiymətlərə təsir göstərə bilər”.

Bir sözlə, həqiqət odur ki, məhsul bazarında qiymətlər nə qədər baha olsa, restoran sahibləri də menyu qiymətlərini artıracaq və toylar da  bir o qədər baha-başa gələcək.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 5-09-2024, 15:15