Dünyamızda maraqlı, möcüzəvi, sirli məkanlar olduğu kimi vahiməli yerlər də kifayət qədər var. Planetimiz qeyri-adiliyi ilə yenə bizi təəccübləndirməyə davam edir. Əksər insanlar bu məkanlara getməyə çəkinir. Lakin bir çox şəxsə isə maraqlı gəldiyi və macəra sevdikləri üçün həmin yerlərə üz tuturlar.
Qorxulu məkanların bir neçəsini sizin üçün araşdırdıq. Hətta onların bəziləri “Ən qorxulu yerlər” kimi tarixə həkk olunub:
Praqada yerləşən Köhnə Yəhudi qəbiristanlığı
Sözügedən məzarlıq 4 əsr ərzində salınıb (1439-1738). Köhnə və hər tərəfi qəbirlərlə dolu olan bu qəbiristanlığın vahiməli bir görünüşü var. Torpağın üzərində 12 min sərdabə tikilib və 100 mindən çox insan bir-birinin üstündə basdırılıb.
Tərk edilmiş Gəlinciklər Adası
Həmin ada ilk baxışdan qorxu filmlərinin çəkildiyi məkanları xatırladır. Burada çirkli paltar geyindirilmiş dolaşıq saçlı, gözü çıxarılmış, ayaqları və qolları qoparılmış yüzlərcə oyuncaqlar mövcuddur. Adanın maraqlı bir tarixçəsi də var. 1950-ci ildə zahid bir insan olan Julian Santana Barrera dənizdən balaca qızın cəsədi tapıb və 50 il ərzində bu qızcığazın xatirəsini yad etmək üçün ağaclara gəlinciklər asırmış.
İntihar meşəsi, Yaponiya
Sözügedən meşədə intiharların dalğası 1950-ci ildən başlayıb. Yarım əsr boyunca Aokigahara adlanan bu meşə minlərcə insanın canını və ruhunu alıb. Deyilənlərə görə, intiharlar dalğası Seyko Macumotunun “Ağacların qara dənizi” romanından sonra dəb halı alıb. Həmin romanın iki qəhrəmanı əl-ələ verib özlərini asaraq bu meşədə intihar edirlər. Burada nəinki cəsədlərə, hətta intihar üçün hazırlanmış iplərə də rast gəlmək olar.
Asılmış tabutlar, Filippin
Adətən ölüləri torpaq altında basdırırlar, amma Filippində yerləşən Luzon bölgəsində yaşayan İqorot qəbiləsinin üzvləri ölüləri tabuta qoyub, hündürlükdən asırdılar. Onlar düşünürdülər ki, bu zaman insan Allaha daha yaxın olar.
Bildiyimiz kimi Yer kürəsində bir-birindən maraqlı muzeylər var. Lakin onların sırasında da vahiməli olanları var.
Gəlin, qorxulu muzeylərin də bəzilərini diqqətinizə çatdıraq:
Siriraj Tibb Muzeyi-Tailand
Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan həmin muzey əslində 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlərə aid tibbi eksponatlar var. Burada da xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanların eksponatlarından tutmuş hər şeyi tapmaq mümkündür.
Dupuytren Muzeyi-Fransa
Fransada yerləşən sözügedən qeyri-adi muzey tibb sahəsinə aid eksponatlar ilə tanınır. Dupuytren Muzeyi 1935-ci ildə istifadəyə verilib. Tanınmış muzeyin banisi isə məşhur cərrah olub. Burada bankaların içərisində siam əkizlərinin və insan bədəninin deformasiyaya uğramış hissələri ziyarətçilərin diqqətinə səbəb olub. Həmin muzeydə təxminən 6 mindən çox eksponata rast gəlmək mümkündür.
Glore Psixiatriya Muzeyi-ABŞ
ABŞ-nin Missuri ştatında yerləşən muzey pis aurası və enerjisi ilə bütün dünyaya səs salıb. 1874-cü ildə dövlət xəstəxanası kimi istifadə olunan bu yer artıq 1967-ci ildə muzey kimi xidmət etməyə başlayıb. Həmin muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasındakı dialoqlar da mövcuddur.
Orta əsr İşgəncələr Muzeyi - ABŞ
ABŞ-nin Florida ştatında yerləşən bu orta əsr işgəncə muzeyi orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirir. Çox maraqlıdır ki, son dərəcə qorxunc olan sözügedən məkanda bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Habelə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları var.
Mütter Tibb Muzeyi-ABŞ
Filadelfiyada yerləşən həmin muzeydə qəribə tibbi nümunələr mövcuddur. Burada, həmçinin 140 kəllədən ibarət bir divar, siam əkizlərinin birləşmiş qaraciyəri və alnında buynuzu olan bir qadının mum heykəli də var.
Zərintac Mayisqızı
Missiya.Az