AZ   |   RU
Əmlak bazarında son VƏZİYYƏT: DURĞUNLUQ yaşanır - AÇIQLAMA


Bildiyimiz kimi, ölkəmizdə kəskin şəkildə qiymət artımı əmlak bazarına da təsirsiz ötüşməyib. İnsanların əksəriyyəti mənzillərin baha olmasından, ona görə də ev almağın çox çətin bir prosesə çevrildiyindən şikayətlənir. Buna baxmayaraq qiymət baxımından bir azalma müşahidə olunmur.

Bəs görəsən əmlak bazarında son vəziyyət, tələbat nə yerdədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, hər il ənənəvi olaraq mayın sonlarından başlayaraq avqust ayının sonuna qədər daşınmaz əmlak bazarında tələbat daha çox torpaq sahələrinə, bağ və fərdi həyət evlərinə olur:

“Çoxmənzilli binalara isə tələbat azalıb. Belə binalara tələbat avqustun sonundan etibarən növbəti ilin mayına qədər davam edir. Daşınmaz əmlaklara tələbat – daha çox ipoteka kreditlərinin verildiyi müddət olur ki, həmin kreditlər ayrılan zaman əmlak bazarına ciddi şəkildə müştəri axını olur. Biz alqı-satqılara nəzər salsaq əvvəlki illərdə daha çox nağd şəkildə alqı-satqılara üstünlük verilirdisə, lakin son bir neçə ildə satılan əmlakların ortalama 70 faizdən yuxarı hissəsi kreditli şərtlərlə satılanlardır. Bunlar çoxmənzilli, çıxarışlı binalara, o cümlədən daxili ipoteka kreditləri ilə satışlarını həyata keçirən yeni tikili çoxmənzilli binalara da şamil etmək olar. Paytaxt ərazisində, ölkənin digər böyük şəhərlərində bir çox tikinti şirkətləri daxili kreditlərlə uzun müddətli kreditli mənzillərin satışlarını icra edirlər”.

Elnur Fərzəliyev bildirib ki, nağd satışlara tələbatın azalması əsasən əmlak bazarında qiymətin artması ilə bağlıdır:

“Bundan əlavə əvvəlki illərdə, daha doğrusu 2020-ci ilə qədər ölkənin daşınmaz əmlak alıcılarının böyük bir hissəsini xarici ölkələrdə və daha çox Rusiyada yaşayan azərbaycanlılar təşkil edirdi ki, pandemiya dövründə dünyada baş verən qapanma, həmçinin, müəyyən iqtisadi böhranlar səbəbindən xüsusilə də Rusiyada olan əmlak alıcılarının sayını azaltdı. Daha sonra Rusiya-Ukrayna müharibəsi səbəbindən artıq sözügedən ölkədən nağd şəkildə əmlak alanların sayı yetəri qədər azaldı ki, nəticədə ölkədə nağd əmlak satışlarının sayı azaldı. Ona görə də ölkədə artıq kreditli şərtlərlə mənzillər satılır”.



Əmlak eksperti vurğulayıb ki, son illərdə əmlak bazarında ciddi qiymət artımı baş verir:

“Qiymət artımının da müxtəlif səbəbləri var. Çoxmənzilli binaların inşası üçün, belə desək torpaq sahələrinin məhdud sayda olması və qiymətlərin kəskin bahalaşması əmlak bazarında mənzillərin qiymətlərini artırdı. Tikintinin maya dəyərinin artması ilə, həmçinin tikilən mənzillərinin satış dəyərində də artımlar müşahidə olunur. Əmlak bazarında hazırkı vəziyyətdə isə durğunluq hökm sürür. Baş verən durğunluq 2023-cü ilin oktyabr ayında etibarən bu günə qədər davam edir. Lakin ilin fevral-mart aylarında ipoteka kreditləri verilməsi səbəbindən ciddi müştəri çoxlu olsa da hazırda mənzil bazarında azlıq var. Düşünürəm ki, müştərilərin yenidən canlanması prosesi avqust ayının sonu-sentyabrın əvvəlindən olacaq. Bu da yenidən ipoteka kreditlərinin verilməsi və istirahətdə olan şəxslərin artıq digər böyük şəhərlərə axın etməsi ilə bağlıdır. Habelə əmlak alıcılarının bir hissəsi əmlaklarını yatırım üçün alır və kirayəyə verirlər. Sentyabrdan ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar mənzilləri alıb kirayə vermək üçün gələn müştərilərin sayı kifayət qədər olacaq”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 26-07-2024, 12:32