AZ   |   RU
Kosmetoloji prosedurların hansı fəsadları ola bilər? – Həkim-kosmetoloq açıqladı


Xanımların çoxu, belə demək mümkünsə hamısı baxımlı olmağa üstünlük verir. Təbii ki, əksər qadınlar müəyyən estetik prosedurlara da müraciət edirlər. Yaş ötdükcə üzdə yaranan qırışların qarşısını almaq, dodağa həcm vermək, simalarındakı və ya bədənlərindəki bəyənmədikləri hansısa nahiyədə normal olaraq dəyişiklik etdirmək istəyirlər. Lakin həkim-kosmetoloq seçimi yanlış olduqda, üzə səhv qaydada və mənşəyi bilinməyən dolğu vurulduqda bir çox fəsadlar ortaya çıxır. Bununla bağlı xoşagəlməz xəbərlər də az eşitmirik.

Həkim – kosmetoloq Leyla Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, dolğular müxtəlif olur:

“Bədən dolğuları, simamızda istifadə etdiyimiz çənə, dodaq, nazolabial, gözətrafı, yanaq dolğusu və s. Əlbəttə ki, sözügedən dolğular sıxlığına görə də fərqlənir. Əvvəlcə xanımlara tövsiyə edərdim ki, əgər botoksa ehtiyac varsa onda həkimə müraciət edərək vurdura bilərlər. Ehtiyac olan, doğru nahiyəyə tətbiq olunmalıdır. Kosmetoloqlar olduqca diqqətli davranmalıdır. Aşırı dərəcədə olan estetik müdaxilə üzə süni görünüş verir. Belə ki, dodaq dolğusu, ya da nazolabial dolğu insanın danışıq tərzini pozur, artıq nitqlərini düzgün ifadə etməyi bacarmırlar”.



L. Məmmədova əlavə edib ki, dolğu prosesindən öncə həkim pasiyentdən analiz toplayır:

“Onun allergik reaksiyası varmı? Hansı xəstəlikləri keçirib? Nə kimi problemləri var? Qan durulducu dərmanlardan istifadə edirmi? Nəticədə həkim qərar verir ki, hansı dolğudan istifadə etmək lazımdır. Dərinin quruluşu və yaş da nəzərə alınır. Dolğu seçərkən onun tibbi və gigiyenik sertifikatı olmalıdır. Həmin preparat da pasiyentin gözü önündə açılmalıdır. Həkim fikir verməlidir ki, üzün hansı nahiyəsinə vurulmaldır. Bunu simanın anatomiyasına uyğun etməlidir. Bilməlidir ki, simada hansı nöqtələrə vurmaq düzgün deyil. Arteriya damarları keçən yerə vurmaq, habelə sinirləri zədələmək olmaz. Çünki damar tıxanıqlığı, göz ətrafında korluq, dodaqda müəyyən nekroz və s. kimi problemlər yaranır. Pasiyentlərimizə məsləhət görərdim ki, onlar zamanında kosmetik prosedurlardan istifadə etsələr üzlərində çox dərin, xoşagəlməz qırışlara rast gəlməzlər”.


Zərintac Mayisqızı
Missiya.Az



  • 22-07-2024, 12:25