AZ   |   RU
Azərbaycanda jurnalistika ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlib


1875-ci il iyulun 22-də xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi  Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycanın milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.


Mütərəqqi ideyaların carçısı və tribunası olan “Əkinçi”nin səhifələrində elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edilirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan “Əkinçi” xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək etmək məqsədilə tariximizdə misilsiz iz qoyub.


Həsən bəy Zərdabi qəzetin ilk sayında oxuculara müraciətlə yazırdı: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövrü-dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilmədən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər.” 


Bu mətbu orqanı ilə Həsən bəy Zərdabi əsasən xalqı oyatmaq, maarifləndirmək, irəli aparmaq üçün çalışırdı. O, qəzetin saylarının birində çox böyük təəssüflə yazırdı ki, Bakıda gimnaziyada təhsil alan azərbaycanlıların sayı rus və ermənilərin sayından çox azdır. Halbuki Bakıda azərbaycanlılar dəfələrlə çoxluq təşkil edirlər.


“Əkinçi” qəzeti yarandığı tarixdən bir məktəb olaraq milli ədəbi və mədəni düşüncə sistemininin inkişafına güclü təkan vermiş oldu. 


Çar Rusiyası milli oyanışa vəsilə olduğunu anladıqda qəzetin bağlanmasına qərar verildi. Sonralar “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Dəbistan”, “İrşad”, “Kəşkül”, “Açıq söz” kimi mətbuat orqanları “Əkinçinin” missiyasını davam etdirməyə başladı və mətbuatın özülünü möhkəmləndirərək sonrakı tarixi yaratdı.


1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.


1903-cü ildə M. Şaxtaxtlının redaktorluğu ilə “Şərqi Rus”, 1905-ci ildə isə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin redaktorluğu ilə “Həyat” qəzeti artıq işıq üzü görməyə başladı və sonralar bu mətbu orqanı “Füyuzat” jurnalı ilə əvəz olundu.

25 il nəşr olunan “Molla Nəsrəddin” jurnalının isə çox maraqlı yaranma tarixi olub. Belə ki, Cəlil Məmmədquluzadə 1905-ci ilin aprel ayında Tiflisdə “Şərqi-Rus” adlı günlük qəzetdə şeyxülislamın siyasi qərarlarına etiraz edən bir məqalə yazaraq, həbs edilir. Məhkəmə qərarı ilə onun həbsi 6 ay təxirə salınır, o isə bu müddət ərzində “Molla Nəsrəddin” jurnalını yaratmaq fikrinə düşür. Jurnal 7 aprel 1906-cı ildən nəşr olunmağa başlayır. “Molla Nəsrəddin” jurnalının həm Azərbaycan, həm də bütün Qafqaz ərazisində böyük təsiri olmuşdur. Jurnal Cəlil Məmmədquluzadənin yaradıcılığı və müasir dövrdəki satiranın banisi kimi ən qiymətli nümunələrdən biri kimi qəbul edilir.


Nəhayət 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzeti bu gün də yüksək səviyyədə fəaliyyət göstərir.


Ümummilli Liderimiz Heydər Əliyev milli mətbuatımız haqqında deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.


Azərbaycanda jurnalistika hal-hazırda həm peşə, həm də elm kimi milli və beynəlxalq standartlara söykənərək mükəmməl ictimai-siyasi fikir institutu səviyyəsinə yüksəlmişdir. 


Ölkəmizdə bu gün 3500-dən artıq kütləvi informasiya vasitələri dövlət qeydiyatından keçib və onların əksəriyyəti aktiv fəaliyyət göstərir. Onu da qeyd edim ki, Azərbaycanda Bakı Dövlət Universitetində 1969-cu ildən jurnalistika fakültəsi fəaliyyət göstərməyə başlayıb.


Bu gün müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər jurnalist peşəsinə yüksək qiymət verərək deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.


1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ölkəmizdə rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədi ilə ardıcıl tədbirlər görülmüşdür. 


Beləliklə 1998-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi və həmin ildən Azərbaycanda senzura ləğv olundu.


Bu gün jurnalistika müəyyən peşə qaydaları ilə müşayiət olunan, peşəkar fəaliyyət olaraq qiymətləndirilməkdədir.  


Jurnalist işi həm maraqlı, həm də çətin bir peşədir. Jurnalistika sahəsini özünə peşə seçən insan gərək bu sənəti sevsin və fədakar olmağı bacarsın. Jurnalistikanın çap mediasından başqa bir çox sahələri də vardır. Bunlar televiziya, radio, onlayn və s. sahələrdir.


Çap mediasından sonra - 1926-cı il noyabrın 6-da Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik baş verdi. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi ətrafa yayıldı.


Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstərib. Fədakar radio əməkdaşları – jurnalistlər, diktorlar o vaxtlar olduqca çətin şəraitdə, birbaşa efirə çıxıblar. Həmin dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat olub. Sonradan bu vaxt 4 saata, daha sonra isə 6 saata çatıb. Heç bir səhvə yol vermək olmazdı.


Azərbaycanda - Şərqdə ilk dəfə yaradılan və milyonlarla seyrçisi olan Azərbaycan Televiziyası radiodan 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. İlk dəfə proqramı açan isə gənc aktrisa Nəcibə Məlikova olub.


Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Sonralar yayım vaxtı getdikcə uzadılıb.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistika sahəsinə həmişə xüsusi diqqət yetirib: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”.


Azərbaycan jurnalisti öz fədakarlığı, qəhrəmanlığını və vətənpərvərliyini Birinci və İkinci Qarabağ müharibəsində göstərdi. Güllə yağışı altında cəbhə bölgələrindən reportajlar hazırladı. Cəsur jurnalistlərimiz Qarabağ uğrunda döyüşə atıldılar. Azərbaycan Prezidenti tərəfindən müxtəlif medallarla təltif olundular. Vətənin bütövlüyü uğrunda öz canlarını qurban verənləri də oldu.


Vətən müharibəsi vaxtı Ali Baş Komandan cənab İlham Əliyevin 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.


Onu da qeyd edək ki, müharibə vaxtı və sonrakı dövrlərdə Türkiyə mətbuatı da Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqda xeyli işlər gördü. 2020-ci il dekabr ayının 10-da Bakı şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandı. Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında aparılacaq sahələr müəyyən edildi. Onlardan biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparmaq və dünya ictimaiyyətinə düzgün məlumat çatdırmaqdır.


Bütün media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edirik. Qələminiz yalnız Qələbə yazsın.


Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru



  • 20-07-2024, 18:47