AZ   |   RU
Türk Dövlətləri Birliyinin Şuşa zirvəsi


İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak edirlər. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev: “ XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”- bu tarixi fikri çıxışında söyləyən dövlətimizin başçısı qeyd edib ki, “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir”. 

Zirvə görüşünün Şuşada keçirilməsinin rəmzi məna daşıdığını bildirən İlham Əliyev bildirib ki, “Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlıq həmrəyliyinin təzahürü kimi qiymətləndirən dövlətimizin başçısı Türkiyə Prezidentinin Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşa və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuli və Ağdama səfərlər etdiklərini bildirib və qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü bildirib.

Çıxışının sonunda Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən rəsmi qonaqları bu il Azərbaycanda keçiriləcək  COP29 konfransına dəvət edib: “Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək”.

Zirvə görüşünün yekunu olaraq Qarabağ Bəyannaməsi imzalanıb.

Türk dövlətlərinin birliyinə, həmrəyliyinə şahidlik edən Şuşadan dünyaya çağırışlar edildi. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüsçüsü dövlət başçısı İlham Əliyevdir. Bu təşəbbüsün bütün türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın  göstəricisidir.


Laura Quliyeva
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru




  • 8-07-2024, 18:16