AZ   |   RU
Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü və əmək yarmarkası keçirilib


Bu gün Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən biri olan Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü keçirilib.

1931-ci ildən fəaliyyət göstərən kolleci 2023-2024-cü tədris ilində Tibb bacısı (qardaşı) işi, mamalıq işi, əczaçılıq, tibbi profilaktika, ortopedik stomatologiya və laboratoriya diaqnostikası ixtisasları üzrə ümumilikdə 311 tələbə məzun adını qazanıb.

Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edilib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır:

“1931-ci ildən fəaliyyət göstərən kollecimiz son illərdə yüksək səviyyədə təmir və müasir avadanlıqlarla təchiz olunub. Bildiyiniz kimi hazırda 7 ixtisas üzrə tələbələrimiz hazırlanır. Bu gün kollecimizdə 1015 tələbə təhsil alır. Bu əvvəlki illərlə müqayisədə 40 faiz çoxdur. Artıq çox yüksək texniki təminatı olan laboratoriyalarımız fəaliyyət göstərir. Yaradılan şərait, yeni laboratoriyalarımızda müasir tibbi avadanlıqlar, robot trenajorlar və digər texniki vəsaitlərin köməyi ilə əsl peşəkar tibb işçiləri, yüksək bilik və bacarığa malik tələbələr yetişdirmək gücündəyik. Ümidvaram ki, bu gün məzun olacaq yetirmələrimiz gələcəkdə istənilən tibb müəssisələrində yüksək səviyyədə əhaliyə tibbi xidmət göstərə biləcək”, - deyə M. Rzayev əlavə edib.

Sonra çıxış edən kollecin həkim-müəllimləri və eləcə də məzunlar geridə qalan 3 ilə nəzər salaraq tibb elminin çətin, lakin şərəfli yolunda atdıqları birgə addımları bir daha xatırladılar.

Çıxışlar bitdikdən sonra 3 il müddətində təhsil və kollecin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olundu.

Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 20-ə yaxın dövlət və özəl tibb müəssisələrinin qatıldığı tədbirə məzunların marağı böyük idi. İlk dəfə olaraq kolleci bitirən məzunlar işverən tibb müəssisələrinin əməkdarları ilə birbaşa ünsiyyətdə olaraq vakansiyalarla maraqlanıb, öz məlumatlarını onlarla bölüşdülər.

Əmək yarmarkasında Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Qazax, Ağstafa, Tovuz rayonlarının tibb müəssisələri boş olan və yaxın zamanlarda boşala biləcək vakansiyaları məzunlara təqdim etdilər. Tədbir bu il kolleci bitirərək məzun olan tələbələr üçün iş tapmaq baxımından çox səmərəli olub.

Tədbirin sonunda kollecin tələbələrinin ifasında musiqi nömrələri təqdim edilib.



 




  • 3-07-2024, 14:27