AZ   |   RU
Azərbaycanda bayram günlərində yol qəzalarında 16 nəfər ölüb

 

Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: "Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb".

E.Hacıyev əlavə edib ki, Baş Dövlət Yol Polis İdarəsi sürücülərə yollarda diqqətli olmaları ilə bağlı müraciətlərini sosial şəbəkələrdə, eləcə də media subyektləri vasitələri ilə çatdırıb:

"Lakin təəssüflə bildirmək istərdim ki, olunan xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, bəzi sürücülər hələ də yol hərəkəti qaydalarına qarşı biganə yanaşırlar. Bu yol-nəqliyyat hadisələrinin baş verməsində əsas səbəblərdən biri də bəzi sürücülərin sürət həddini aşmaları, nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz formada istismar edilməsidir. Eləcə də sükan arxasında olan zaman diqqət yayındıran hərəkətlərdən, telefondan istifadə belə yol-nəqliyyat hadisələrinə gətirib çıxarır. Bayram günlərində yol polisi gücləndirilmiş iş rejimində xidmət aparıb. Əsas məqsədimiz sürücülərin, hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etməkdən ibarətdir. Bütün nəqliyyat vasitələri sürücülərini yol hərəkəti qaydalarına tam və ciddi şəkildə riayət etməyə çağırırıq".




  • 21-06-2024, 11:57