AZ   |   RU
Gənclər boş vaxtlarını necə keçirirlər?- SORĞU


Günümüzdə gənclərin əksəriyyəti boş zamanlarında film izləməyi, bəziləri isə kitab oxumağı seçir. Bəs görəsən gənclərin çoxu boş vaxtlarında bunlardan hansına üstünlük verir - daha çox kitab oxuyurlar, yoxsa əsərlərin film versiyasına baxırlar?

Mövzu ilə bağlı sorğu keçirdik. Missiya.Az həmin sorğunu təqdim edir:

Aliyə Rafiq - Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin məzunu: "Müasir dövrdə kitablara üstünlük digər dövrlərə baxanda azalıb. Ona görə ki, texnologiyanın inkişafı ilə sinema, filmlərə maraq artıb, insanların kitabları oxumağa sanki səbri qalmayıb. Kitabı oxumaq əvəzinə film izləməyə üstünlük verirlər. Kitab insanın dil təzahürünü artırır, lakin müəyyən zaman sonra bəzi nüanslar yaddan çıxır. Təbii ki, film və sinemaların da öz mənfi-müsbət cəhətləri var. Müsbət cəhət odur ki, filmin strukturu insan beynində tez yadda qalır. Lakin bəzi nüanslar da insan beynindən silinə bilir. Bir çox hallarda bunun üçün kitablara müraciət olunur. Fikrimcə, kitabları oxuduqdan sonra həmin əsərlərin əsasında hazırlanmış filmlər izlənilməlidir".




Üzeyir Xəlilov - BDU-nun magistr tələbəsi: "Filmə daha çox önəm verirəm. 5-6 yaşımdan filmlərə baxmağa başlamışam, çünki kitabdan fərqli olaraq filmdə aktyor oyunu, rejissor işi də vacibdir. Həmçinin vizuallığına görə də üstünlük verirəm".



Aytac Ali - jurnalist: "Tanıyanlar da bilir ki, hövsələsi dar adamam. Buna görə nəsr vəznində olan kitabları oxumaq mənə sıxıcı gəlir. Şeir kitablarını almağı daha çox sevirəm. Bəlkə də ara-sıra cızma qara etdiyim üçün bu maraq məndə var. Ancaq hər hansı nəsr vəznində olan kitablardan uzaq qaçıram. Ətrafımda kitab oxumağı sevən, geniş əsərləri qısa zamanda oxuyub başa çıxan çox dostum var. Əslində onlara qibtə etmirəm desəm, yalan olar. Həmişə bu qədər səbrli olduqlarına görə həmin yaxınlarıma heyranlıqla baxmışam. Mən daha çox filmə baxmaq tərəfdarıyam. Əgər həmin kitabsevər dostlarımdan biri yanımda hər hansı bir əsəri tərifləsə, bəyəndiyim halda filmini axtarıb tapmağa çalışıram ki, izləyim. Düzü, əsərlə onun haqqında çəkilən film arasında bəzən fərqli məqamlar olur. Ancaq yenə də mən filmə baxmağı kitab oxumaqdan daha çox sevirəm. Uzun-uzun cümlələr məni ucsuz-bucaqsız okeanda üzürmüş kimi hiss etdirir və sanki boğuluram. Çoxları bunu diqqət dağınıqlığı ilə əlaqələndirsə də, özümdə belə bir şey müşahidə etməmişəm. Yekun olaraq onu deyə bilərəm ki, zövqlər fərqlidir. Elə özüm də peşəmdən dolayı oxumaq yox, yazmaq həvəsindəyəm".





Tural Məmmədov - kredit təşkilatlarından birinin işçisi: "Öncə vurğulayım ki, boş vaxtlarımda əsasən musiqi ilə məşğul oluram. Türk sazım var, onu ifa edirəm. Musiqi mənim üçün əvəzolunmazdır, hüzur tapıram. "Əsasən film yoxsa kitab?" sualına isə belə cavab olaraq kitab deyərdim. Həm psixoloji, habelə uğur qazanmağın sirləri ilə bağlı kitablar oxuyuram".




Nuray Məmmədzadə - BDU-nun magistr tələbəsi: "Həm kitab oxumağın, həm də film izləməyin mənim üçün ayrı yeri var. Hər ikisinə üstünlük verirəm. Elə əsərlər var ki, onların filminə baxmaq daha maraqlı gəlir. Yerli filmlərlə yanaşı, xariciləri də izləyirəm. Kitab oxumaq isə nitqimi inkişaf etdirir, daxili aləmimi zənginləşdirir".




Günel Ayxan - BDU-nun Jurnalistika fakültəsinin məzunu: "Mən daha çox kitab oxumağa üstünlük verirəm. Kitab oxumaq bir neçə saatlıq da olsa məni başqa bir dünyaya aparır. Eyni zamanda kitabı səsli şəkildə oxuduğum zaman nitqimin inkişaf etdiyini hiss edirəm. Konkret oxuduğum bir janr yoxdur, qarışıq mövzularda kitab oxumaq mənə daha maraqlı gəlir. Kitab oxuduğum zaman bilmədiyim sözlərin mənasını araşdırıram, bu da söz ehtiyatımın zənginləşməsinə kömək edir. Son zamanlar filmlərə də marağım yaranıb. Əsasən, əsər əsasında yazılmış filmlər diqqətimi daha çox cəlb edir".



Nahid Arifoğlu - Bakı Slavyan Universitetinin tələbəsi: "Hər iki fəaliyyətin mənim üçün öz yeri var. Həm yerli, həm də xarici kitablar oxuyuram. Roman, psixoloji və dram janrında olan əsərləri çox sevirəm. Kitabın müəllifi də mənim üçün vacibdir. Filmə gəldikdə, daha çox qorxu, fantastika, dram özündə ehtiva edən filmlərə baxıram. Lakin boş vaxtım əsasən musiqi dinləməklə keçir. Kitabı da ki, oxumaq xətrinə deyil də sevdiyim müəlliflərin kitabını oxuyuram".



Arzu Rövşən - təhsil mərkəzlərinin birində mütəxəssis: "Azərbaycan gəncliyinin necə boş vaxtı ola bilər deyə düşünürəm. Amma, əsasən işdən sonra film izləməyi daha çox sevirəm, kitabı isə sadəcə nəqliyyatda olarkən oxuyuram. Film mənə daha maraqlı gəlir, çünki filmdəki ssenari, personajlar, aktyorların tamaşaçılara ötürdüyü o duyğuları çox sevirəm".




Çinarə Muradova - BDU-nun jurnalistika fakültəsinin tələbəsi: "Kitab və filmlərdə cərəyan edən hadisələr başqaları tərəfindən hazırlanan düşüncə məhsulları olsa belə, kitablardakı hadisələri bir növ öz təxəyyülümüzdə yaradıb canlandırırıq. Filmlər isə başqalarının hazır şəkildə yaratdığı audiovizual formatda təqdim edilən məhsuldur. Nəticə etibarilə filmlər bizim nə təxəyyülümüzü, nə nitqimizi, nə də söz bazamızı inkişaf etdirir. Sadəcə oradakı hadisələri beynimizdə götür-qoy edib nəticə çıxarırıq. Əlavə olaraq filmlər vaxtımızı əyləncəli və maraqlı keçirmək üçün bir vasitədir. Qeyd etdiklərimdən çıxış edərək "kitab oxumaq, yoxsa film izləmək?" sualına, sözsüz ki, "kitab oxumaq" cavabını verirəm. Hər hansı bir romanı oxumaq yalnız orada cərəyan edən hadisələ bələd olmaq demək deyil. Bir roman belə bizim söz bazamızın artmasına, təxəyyül və təsəvvür gücümüzün inkişafına öz güclü təsirini göstərir. Düşünürəm ki, çalışdığımız qədər kitabları səsli şəkildə oxumalıyıq. Orada müəyyən pafosla deyilən sözləri eyni emosiya ilə səsləndirməliyik. Nitqimizi inkişaf etdirməklə yanaşı, həmçinin, danışarkən özgüvən hissinin artmasına da töhfə verir".




Anar Əhməd - Azərbaycan Dillər Universitetinin magistr tələbəsi: "İkisi də mənim üçün önəmlidir. Əvvəllər - işlərimin daha az olduğu vaxtlarda kitab çox oxuyurdum. İndi yolda - metroda filan olanda film yükləyib izləyirəm, ya da kitablara audio şəklində qulaq asıram. Olub ki, sevdiyim əsərlərin filmləri çəkilib onlara baxmışam. Bəzən də əsərlərini oxumadığım filmləri izləmişəm. Lakin kitab müəllifin daxili aləmini ortaya çıxarır. Mən kitab oxuyanda müəllifin nə düşündüyünü anlayıram. Film isə fərqlidir. Artıq ssenaristin, rejissorun kitabı necə başa düşmələri əsas məsələdir. Onlar əsəri artıq öz başa düşdükləri kimi çəkib göstərir. Bu səbəbdən də fərqli məqamlar yaranır. Nadir hallarda müşahidə etmişəm ki, kitabın özü ilə film arasında oxşarlıq çox olsun. Mütləq ki, dəyişikliklər özünü büruzə verir".




Səkinə Seyidəliyeva- təhsil mərkəzlərinin birində mütəxəssis: "Mənim üçün filmə baxmaq daha maraqlıdır. Əylənərək seyr edirəm. Lakin kitab oxumağın da mənim bambaşqa bir yeri var. Ruhum sakitləşir, dincəlirəm". 

Zərintac Mayisqızı
Missiya.Az





  • 20-06-2024, 14:34