AZ   |   RU
27 iyun bu ziyalıların xatirə günüdür


27 iyun - Azərbaycanın tanınmış pianoçusu, pedaqoq və xalq artisti Kövkəb Səfərəliyevanın xatirə günüdür.

Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci il, yanvarın 3-ü Bakı şəhərində dünyaya gəlib. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olub. Həmçinin, o həm də fortopiano sinfində musiqi dərsləri də alıb. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirib. 1917–1918-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayıb. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayıb. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçməyib.

Sözügedən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Xalq artistinin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edib. K. Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb ondan sonra heç kimlə ailə həyatı qurmayıb. Pedaqoq 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olub. Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru vəzifəsində çalışıb. O bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Xalq artisti 1985-ci ilin iyunun 27-də dünyasını dəyişib. Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin məkəzi hissəsində adına küçə də var.

Bu gün həm də Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycan SSR xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenləri laureate, Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Aslanov Səyavuşun anım günüdür.

O, 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində doğulub.

Səyavuş Aslan 1947–1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan aktyor Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Müəyyən müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Zərintac Mayisqızı
Missiya.Az


 




  • 27-06-2024, 09:49