AZ   |   RU
Bu gün dahi bəstəkar Cahangir Cahangirovun doğum günüdür


20 iyun dahi bəstəkar, pedaqoq, Xalq artisti Cahangir Cahangirovun doğum günüdür. Onun anadan olmasından 103 il ötür.

Cahangir Cahangirov 1921-ci ilin bu günü Bakıda doğulub, musiqi təhsilini ilkin olaraq Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında alıb. Onun yaradıcılığı çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları və mahnıları var.

Cahangir Cahangirovun xor musiqisi sahəsində maraqlı əsərlərindən olan "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürləri bu qəbildəndirlər. Onlarla sevilən mahnı, simfonik əsər, kantata, xor musiqisivə operanın müəllifi olan C.Cahangirov xalq tərəfindən sevilib, müxtəlif fəxri adlarla təltif olunub. O "Azad" və "Xanəndənin taleyi" adlı iki operasında musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib. "Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır. 1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilmişdir. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da var. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Canahgir sənətinin başlıca məziyyətidir.  Xalq artisti 1992-ci ilin martın 25-də 72 yaşında dünyasını dəyişib. Onun haqqında "Bəstəkar Cahangir Cahangirov" adlı sənədli filmi çəkilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-06-2024, 10:05