AZ   |   RU
Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsində

 

Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər xüsusi əhəmiyyətə malikdir.

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcəkdir.

Onu da qeyd edək ki, yüksək səviyyədə keçən səfər çərçivəsində Azərbaycanla Misir arasında 7 önəmli sənəd imzalanıb: “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

Qahirədə mətbuata bəyanatında Azərbaycan Prezidenti “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək”- deyə bildirib və Misir Prezident tərəfindən Bakıda keçiriləcək COP29 konfransına dəvətin qəbul edildiyini xüsusi minnətdarlıqla vurğulayıb. Eyni zamanda cənab Prezident qeyd edib: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk”. 

Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Sevil Əliyeva 
Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri


  • 9-06-2024, 14:12