Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.
Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
"Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq matreriallarına əlavə edilir", - mətbuat xidmətindən bildirilib.