AZ   |   RU
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin növbəti uğuru

Bu gün növbəti tarixi hadisə baş verdi. Qazağın işğaldan azad olunmuş dörd kəndində Azərbaycan bayrağı qaldırıldı. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevə məruzə edildi. Bu gün həm də onunla əlamətdar oldu ki, geri qaytarılmış ərazilərimizdə üçrəngli bayrağımızın ucadılması İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk yüz gününə təsadüf etdi. Qələbələri sıralayan dövlət başçımızın bir güllə atmadan dörd kəndin işğaldan azad olunması cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Son hadisə Prezident İlham Əliyevin mühüm qələbələr zəncirinin yeni halqası, ölkəmizin bütün ərazisində suverenliyinin bərpası istiqamətində apardığı ardıcıl, uzunmüddətli siyasətinin məntiqi sonluğu oldu. Prezident bir güllə də atmadan, heç bir qan tökmədən Qazağın dörd kəndini geri qaytardı. Eyni mənzərəni biz  Xankəndidə də gördük. Bu o deməkdir ki, biz hamımız bir daha Prezident İlham Əliyevin planlaşdırdığı, Azərbaycanın milli maraqlarını əks etdirən bütün sülh təşəbbüslərinin necə tam şəkildə həyata keçirildiyinin şahidi oluruq. 

Prezident İlham Əliyev Azərbaycanın mənafeyini hər şeydən üstün tutan müdrik liderdir. Bu prinsipə əsaslanaraq, Azərbaycan Prezidenti istənilən dialoqa açıq olan, ölkəsinin inkişaf məqsədlərindən uzaqlaşmadan bu yolda nəyə nail olmaq istədiyini bilən dövlət başçısıdır. Bu baxımdan Prezident İlham Əliyev müdrik dünya liderlərindən biridir. “Odlar yurdu” haqlı olaraq beynəlxalq hüququn aparıcı subyektlərindən biridir və bütün dünyaya sübut edir ki, əsl liderlər nüvə və ya demokratik “klub”a malik olanlar deyil, heç bir bölgü yaratmadan, dürüst və ədalətli münasibətləri qorxmadan müdafiə edənlərdir. Azərbaycan lideri nümayiş etdirdi ki, ərazi böyüklüyündən və əhali çoxluğundan asılı olmadan da qlobal siyasi prosesə təsir göstərmək mümkündür. 44 günlük müharibədə qalib gəlməklə Azərbaycan regionda yeni reallıq yaratdı və bu gün hamı bu reallıqları qəbul edir. 

100 gün öncə, fevralın 7-də xalq Müzəffər liderinə səs verdi. Növbədənkənar prezident seçkilərində 92,12 faizinin səsini qazanan cənab İlham Əliyev Azərbaycanın şəriksiz lideri olduğunu dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi onun çoxillik fəal fəaliyyətinin və ötən dövr ərzində böyük səylərinin məntiqi nəticəsi olan layiqli qələbə kimi ən yeni tariximizə düşdü. Xalqımız səsini qalib Ordunun Ali Baş Komandanına verməklə Prezidentin rəhbərliyi ilə son illər bütün sahələrdə aparılan siyasi kursu və iqtisadi siyasəti, iqtisadi islahatları yüksək qiymətləndirdiyini təsdiqlədi. Seçicilərin mütləq əksəriyyəti İlham Əliyevi seçməklə sabit və təhlükəsiz gələcək lehinə seçim etdi. 

2020-ci ildə Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdi. Məhz buna görə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün respublikada növbədənkənar seçkilərin keçirilməsi təmin olundu. Buna görə də, 7 fevral - tarixi seçki kimi yadda qaldı. Cənab İlham Əliyev seçki günü məhz Qarabağda - Xankəndi şəhərində səs verdi. Xankəndidə keçirilən səsvermə erməni separatizminin tabutuna vurulmuş son mismar kimi qiymətləndirildi. İlham Əliyev adını nəinki dövlətimizin tarixinə əbədi yazdırdı, o, həm də özünə inamlı, praqmatik, çox bacarıqlı siyasətçi və uğurlu hərbi rəhbər kimi tanındı. 

Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanı yeni qələbələrə aparacağını bildirdi. Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi bütün nailiyyətlərin və uğurların Prezident İlham Əliyevin adı ilə bağlıdır. Xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçən Azərbaycan ötən müddət ərzində böyük uğurlar, böyük nailiyyətlər qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövrdə sürətli inkişafı təmin edən tamamilə yeni siyasi-iqtisadi sistem yaradıldı. Prezident İlham Əliyevin iradəsi sayəsində ölkəmizdə bir sıra innovativ layihələr uğurla həyata keçirildi. 

Bir sözlə, son 21 ildə Prezident İlham Əliyev Azərbaycan xalqının ən böyük novatoru kimi ölkəmizin müasirləşməsi və yeniləşməsi sahəsində ən qabaqcıl çağırışlara adekvat cavab verən siyasət yürüdür. Ötən müddət ərzində həyata keçirilən ardıcıl işlər ölkəmizin dünyanın aparıcı ölkəsinə çevirməklə yanaşı, siyasi-iqtisadi gücünü də artırır. Azərbaycanın iştirakı və razı olmadan hər hansı bir layihənin Cənubi Qafqaz regionunda reallaşması mümkün deyil. Bu, artıq hamının qəbul etdiyi reallıqdır və bu reallığın memarı da Prezident İlham Əliyevdir- xalqının etimad göstərdiyi və inandığı Müzəffər Ali Baş Komandan!

Ruslan DADAŞOV,
politoloq




  • 24-05-2024, 21:17