AZ   |   RU
COP 29-a ev sahibliyi etmək böyük məsuliyyət və şərəfdir



Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyaya növbəti işgüzar səfəri çərçivəsində Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Tədbirdə dövlətimizin başçısı çıxış edib.


“Petersberq Dialoqu”nda iştirak etmək üçün dəvət etdiyinə görə Almaniya Kanslerinə təşəkkürünü bildirən Prezident İlham Əliyev bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik.


İlham Əliyev həmçinin əlavə edib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.


Bir çox Avropa ölkələri ilə münasibətlərimizin uğurla inkişaf etdiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.


Cənab Prezident çıxışında xüsusilə vurğulayıb: “Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdürHesab edirəm ki, bu, həmçinin əlavə üstünlükdür, çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. Beləliklə, həmin müxtəlif rollar, fikrimcə, yaxşı həmrəylik ruhunu yaradacaq və bizə məqsədlərimizə nail olmağa imkan verəcək. COP-a ev sahibliyi edəcək ölkə kimi seçilməyimizdən dərhal sonra bəzi mətbuat orqanları əsas diqqətini bizim enerji quruluşumuza və enerji tarixçəmizə yönəltdilər. Mən hər zaman demişəm ki, neft və qaz ehtiyatları bizim günahımız deyil. Bu, Tanrıdan verilən vəsilədir. Buna görə biz mühakimə olunmalı deyilik. Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik.


Azərbaycan neftinin hələ uzun illər ərzində Avropa bazarlarına lazım olacağını” söyləyən İlham Əliyev bildirib: “Neft və qazımız, həmçinin. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır

Azərbaycanda xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlanılıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, qaz istehlakı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəz olunjacaq. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. 

Həyata keçirilən layihələr sayəsindədörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanı yaranacaq. 

Azərbaycan Prezidenti İlham Əliyev: “Enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin, eyni zamanda, artıq qeyd etdiyim kimi faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.

 

Fərmin Quliyev 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi



  • 27-04-2024, 14:11