Ötən gün Azərbaycan prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşü oldu. Rusiya mediasında görüşlə bağlı yayımlanan məlumatlarda Azərbaycan prezidentinin açıqlaması da qeyd olunub. Dövlət başçısı bildirib ki, hər iki ölkə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daha bir möhtəşəm layihəyə start verəcək. “Rusiya ilə İran arasında dəmir yolunun yeni hissələrinə ehtiyac var” deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı 2000-ci ildə Rusiya, İran və Hindistan tərəfindən memorandum imzalanmış, iki il sonra isə bu qəbul edilmişdir. Azərbaycan isə 2005-ci ilə bu tarixi sazişin tərəflərindən birinə çevrilmişdir. Dəhliz təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Bu layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır. Ümumilikdə isə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir.
Dövlət başçısının “Rusiya ilə İran arasında dəmir yolunun yeni hissələrinə ehtiyac var” deməsi isə əslində Zəngəzur dəhlizinin açılmasının vacibliyi ilə bağlı verilmiş mesajdır. Çünki Azərbaycan və Rusiya, o cümlədən qardaş Türkiyə də həmin dəhlizin açılmasında maraqlıdır.
İlham Əliyevin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı verdiyi mesajdan aydın olur ki, dövlət başçısı bağlı qapılar arxasında Putinlə Zəngəzur dəhlizi məsələsi ətrafında da ciddi fikir mübadiləsi aparıb və marşrutun açılmasının vacibliyi bir daha qeyd olunub. Azərbaycan lideri Moskvadakı görüşdə bu məsələ ilə bağlı səsləndirdiyi fikirdə əslində rusiyalı həmkarının diqqətinə İranın da buna mane olduğunu bir daha çatdırıb.
Zəngəzur dəhlizinin açılması istiqamətində indiyə kimi daha çox Türkiyə və Azərbaycanın mühüm işlər gördüyünü söyləyə bilərik. Ötən günkü görüşdən və aparılan danışıqlardan sonra Rusiyanın da bu məsələ ilə bağlı bundan sonra fəallıq nümayiş etdirəcəyini ehtimal edə bilərik.
Daşqın Həsənov
Missiya.Az