AZ   |   RU
Rəsmi İrəvan aciz durumda - "Gorus-Qafan yolunda nə baş verir?" sualına cavab verə bilmir

Gorus-Qafan yolunda Azərbaycan polisinin post qurması və həmin yolda Gömrük Komitəsinin İranın yük maşınlarından rüsum alması erməni cəmiyyətində ciddi ajotaj yaradıb. Hakim partiyanın üzvləri baş verənlərlə bağlı sualları cavablandırmaqda aciz qalıblar.

Missiya.Az
xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da brifinq zamanı jurnalistlərin “Gorus-Qafan yolunda nə baş verir?” sualına doğru-düzgün cavab verə bilməyib.

“Hraparak” nəşrinin müxbiri Hayk Konjoryandan təkidlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Gorus-Qafan yolunda Azərbaycan polisinin post qurması və İranın yük maşınlarından rüsumun alınması barədə suala cavab verməsini istəyib.

Hayk Konjoryan suala cavabında deyib ki, postun qurulması və yük maşınlarından rüsumun alınması barədə heç nə deyə bilməz.

Fraksiya rəhbəri Gorus-Qafan yolunun Ermənistan ərazisi olub-olmaması ilə bağlı suala da cavab verməkdə çətinlik çəkib. Jurnalist israrla sualı təkrar etdiyi üçün Konjoryan cavab vermək məcburiyyətində qalıb. O bildirib ki, təmsil etdiyi siyasi komandanın üzvlərinin baxışları ilə onun baxışları üst-üstə düşür.

Erməni nəşri dərc etdiyi yazıda qeyd edib ki, Nikol Paşinyanın fikirincə, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan ərazisindən keçir və baş nazir bu səbəbdən alternativ yolun çəkilməsini təklif edir.

Qeyd edək ki, İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsi ilə bağlı yayılan təkzibolunmaz faktlar böyük qalmaqala səbəb olub. 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda məlumat yayılıb. Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışırlar. Bu yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan MN artıq bu gün Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib. Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində polis postu isə bir müddət öncə qurulmuşdu. Onun Eyvazlı yaxınlığında olduğu qeyd edilib.

Ötən gün erməni mediasında Azərbaycan Gömrük Komitəsinin əməkdaşlarının Gorus-Qafan yolu ilə keçmək üçün İran İslam Respublikasının və ya Ermənistanın istənilən yük maşınından 221 manat məbləğində gömrük rüsumunun alınması barədə xəbər yayılmışdı. . Ermənistan mediası "Cənub Ərazi Baş Gömrük İdarəsi"nin yük maşınların təqdim etdiyi ödəniş qəbzinin də fotosunu yaymışdı. Həmin fotonun saxta olduğu bildirilirdi. Amma bu gün Azərbaycanın Gömrük Komitəsinin yaydığı açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Elvin
Missiya.Az


  • 13-09-2021, 17:20