AZ   |   RU
“Blinkenin Bakını “əmin etmək” cəhdi inandırıcı görünmür”- Asif Nərimanlı


“ABŞ Dövlət Katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevi inandırmağa çalışır ki, aprelin 5-də Ermənistan-Avropa Birliyi-ABŞ formatında keçiriləcək Brüssel görüşü Azərbaycana qarşı deyil. Əslində bununla görüşün Rusiyaya qarşı olduğu mesajını verir”.

Missiya.Az
 xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərminalı öz “facebook” hesabında paylaşım edib.

Asif Nərimanlı bildirib ki, hərçənd, Vaşinqtonun nöqteyi-nəzərindən bu görüş Bakıya qarşı planlaşdırılmasa belə, Ermənistana verilən dəstəyin bölgədə mənzərəni Azərbaycanın əleyhinə çevrilməsi ilə nəticələnə bilər.

“Ermənistan Qərbin kollektiv dəstəyini 44 günlük müharibədən sonra bölgədə situasiyanın İrəvanın xeyrinə dəyişməsi kimi qəbul edir və bundan Bakıya qarşı siyasətində istifadə etməyə çalışacaq, xüsusilə sərhədin delimitasiyası məsələsində. Misal üçün, sərhəddə təxribat törədib, asanlıqla “Azərbaycanı hücumda” ittiham edəcəklər və s”, - deyə siyasi şərhçi qeyd edib.



Asif Nərimanlı onu da əlavə edib ki, İlham Əliyevin Entoni Blinkenə açıqladığı məlumatlar isə Ermənistana veriləcək dəstəyin Azərbaycan üçün yarada biləcəyi təhlükəni daha açıq şəkildə göstərir:

“- Ermənistana hərbi dəstəyin verilməsi və birgə hərbi təlimlərin keçirilməsi;

- Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması;

- Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması və s.

Azərbaycan prezidentinin bunu ABŞ dövlət katibinə deməsi rəsmi Bakıda kəşfiyyat məlumatlarının olduğu deməkdir. Bu baxımdan, Blinkenin Bakını “əmin etmək” cəhdi inandırıcı görünmür”.

Zərintac Mayisqızı
Missiya.Az





  • 4-04-2024, 14:18