AZ   |   RU
Azərbaycanla Türkiyənin 6 həftəlik təlimləri erməniləri qorxuya saldı: "Müharibə bitsə də, təlimləri davam etdirirlər"

Azərbaycan və Türkiyə Ordularının İsparta şəhərində keçiriləcək təlimləri Ermənistanı qorxuya salıb. 

Missiya.Az xəbər verir ki, Ermənistan mediası 6 həftə davam edəcək təlimlərlə bağlı bir çox məqalələr dərc edib. “Hayeli.am” saytı yazır ki, Azərbaycan və Türkiyə artıq 2021-ci ildə ikinci dəfədir ki, hərbi təlim keçirir. 

Sitat: “Türkiyənin Müdafiə Nazirliyi “Twitter Azərbaycanla keçiriləcək təlimlərlə bağlı məlumat paylaşıb. Paylaşımda belə qeyd edilib: “Can Azərbaycanla “Bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər çalışmağa davam edirik. Altı həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusunun hərbçilərini hava limanında qarşıladıq”. 

Erməni analitikləri narahat edən əsas məqam İkinci Qarabağ Müharibəsinin bitməsindən 4 ay keçməsinə baxmayaraq, Azərbaycan və Türkiyənin hərbi təlimlərə davam etməsidir. 

Media yazır: “Azərbaycan və Türkiyə özünü qalib tərəf kimi elan edir, müharibənin bitdiyini, Qarabağ probleminin hərbi yolla həll olunduğunu düşünür. Amma təlimlərə davam edirlər. Təlimlərin məqsədi anlaşılmazdır”.

Analitiklər təlimlərin müddətinə də xüsus diqqət yetirib. 

Sitat: “Eyni zamanda, hərbi təlimlərin neçə müddət davam edəcəyinə diqqət yetirməliyik. Keçən ilki qış təlimləri iki həftə davam etdi. Bu dəfə keçirilən təlimlər 6 həftə davam edəcək. Təlimlərdə iki ölkənin kəşfiyyat orqanlarının iştirakı nəzərdə tutulur”. 

Ermənistanın siyasi analitikləri Azərbaycanla Türkiyənin ard-arda keçirilən təlimləri fonunda ölkələrində baş verən hadisələrə toxunublar. Onlar ölkələrindəki vəziyyətdən, təhlükəsizlik problemindən narahatlıq ifadə ediblər. 

Sitat: “Ermənistandakı siyasi qüvvələr Paşinyana qalib gəlmək üçün seçkilərə hazırlaşırlar. Nə hökumət, nə də siyasi qüvvələr vəziyyətin ciddiliyini təsəvvür edə bilmirlər. Hər kəs siyasi arenada qalmaq üçün mübarizə aparır. Müharibədə məğlub tərəf olduğumuz halda, heç bir qüvvə Ermənistan sərhədlərini möhkəmləndirmək, ordunu gücləndirmək üçün təşkilatlanmağın önəmi barədə düşünmür. Ermənistanın üzərində olan təhlükəni heç kim görmür”. 

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun 3.8 milyard dollarlıq hərb texnikası məhv edilib. Rəsmi İrəvan Rusiyadan ordunun yenidən qurulması üçün kömək istəyib. 

Elvin
Missiya.Az

 
 

  • 5-03-2021, 17:12